AMEA İnformasiya Texnologiyaları İnstitutunda 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş onlayn elmi seminar keçirildi.
Seminarda institutun baş mütəxəssisi Əfruz Qurbanova “Kosmopolit e-dövlətdən milli e-dövlətə doğru: virtual mühitdə Azərbaycan dilinin istifadəsinin təmin olunmasına konseptual yanaşma” mövzusunda məruzə ilə çıxış etdi.
Ə.Qurbanova bildirdi ki, dünyada gedən qloballaşma prosesi bir çox sahələr kimi, dünyadakı dillərə də təsirsiz qalmır. Dünya ictimaiyyətinin diqqətini bu problemə yönəltmək, həmçinin lazımi tədbirlər görmək məqsədilə YUNESKO-nun təşəbbüsü ilə 2000-ci ilin 21 fevralından etibarən hər il Beynəlxalq Ana Dili Günü qeyd edilir. Burada əsas məqsəd dil və mədəniyyət müxtəlifliyinin müdafiəsi və qorunmasına diqqətin artırılmasıdır.
Məruzəçi qeyd etdi ki, Azərbaycan dilinin mahir bilicisi ümummilli lider Heydər Əliyev dilə yüksək qiymət verərək demişdir: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”. Ulu öndər tərəfindən bu istiqamətdə mühüm əhəmiyyətə malik sənədlər imzalanmışdır: “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman (12 yanvar 2003-cü il), “Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının təşkilinin təsdiq edilməsi haqqında” Sərəncam (4 iyul 2001-ci il), “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman (9 avqust 2001-ci il).
Azərbaycan dilinin qorunması istiqamətində aparılan işlərin davamı olaraq, AR Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam (12 yanvar 2004-cü il), “Azərbaycan dilinin qlobollaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam (23 may 2012-ci il), “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam (17 iyul 2018-ci il), “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman (1 noyabr 2018-ci il) imzalanmışdır. Dilin tətbiqi və inkişafına yüksək dəstək verən ölkə Prezidenti dilimizin qorunmasının vacibliyini önə çəkir: “Ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir. Ana dilimizə hörmət və qayğı daimi olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq”.
Ə.Qurbanova elektron dövlət strategiyasının həyata keçirilməsinin dövlət idarəçiliyində səmərəliliyə nail olmaqla yanaşı, tolerantlığın, mədəni, dini və linqvistik müxtəlifliyin qorunması üçün platforma rolunu oynadığını bildirdi. E-dövlətin təqdim olunan xidmətlərin effektivliyinin yüksəldilməsinə, operativliyə və şəffaflığa, vətəndaş məmnunluğunun təmin olunmasına xidmət göstərdiyini, özünün müxtəlif seqmentləri üzrə yaradılan reyestrlər və bu reyestrlərdə toplanan informasiyanın təhlili imkanları ilə cəmiyyətin idarə olunması, eləcə də ictimaiyyətin rəyindən asılı olan bir sıra sosial problemlərin həllinə böyük imkanlar açdığını nəzərə çatdırdı. Hazırda kosmopolit arxitektur-texnoloji həllərə əsaslanan e-dövlətlə bağlı diqqəti çəkən aktual məsələlərdən birinin də milli dillərin bu platformadakı yeri və rolunun müəyyənləşdirilməsindən ibarət olduğunu qeyd etdi. Qloballaşma şəraitində virtual məkanda müxtəlif təhlükələrlə üz-üzə qalmış milli dillərin qorunması və inkişafı üçün hazırda beynəlxalq səviyyədə geniş tətbiq olunan kosmopolit e-dövlətin milli e-dövlətə transformasiyası məqsədilə müvafiq həllərin tapılmasının vacibliyini vurğuladı.
Müasir dövrdə dünya xalqlarının dillərinin vəziyyəti haqqında ətraflı məlumat verən məruzəçi müvafiq statistik göstəriciləri də diqqətə çatdırdı. Müasir dünyada dillərin iyerarxiyasindan söz açaraq, planetin dil mənzərəsini obyektiv qiymətləndirməyə çalışan YUNESKO ekspertlərinin proqnozlarına əsasən, XXI əsrin sonuna qədər dünyadakı dillərin 50 faizdən 90 faizə qədərinin tamamilə məhv olub yoxa çıxa biləcəyini qeyd etdi.
Ə.Qurbanova, həmçinin “Mədəni müxtəlifliyin ümumi Bəyannaməsi” (2001), “Virtual məkanda mədəniyyət və dil müxtəlifliyinin qorunması məqsədi ilə çoxdilliliyin inkişafının dəstəklənməsi və stimullaşdırılması” (2003), “Qeyri-maddi mədəniyyət irsinin qorunması üzrə Konvensiya” (2003), “Çoxdilliliyin yayılması, istifadəsi və kiberməkana əlyetərlik üzrə Tövsiyə” (2003), “Nəsli kəsilməkdə olan dillər üzrə Proqram” (2003) kimi beynəlxalq normativ sənədlərin müvafiq sahənin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.
Məruzəçinin sözlərinə görə, 2001-ci ildə YUNESKO dünyada yoxa çıxmaqda olan dillərin atlasını hazırlamış, atlas sonuncu dəfə 2010-cu ildə Norveç hökumətinin dəstəyi ilə yenilənmişdir. 2464 dilin öz əksini tapdığı atlasa Azərbaycanda da yoxa çıxmaq təhlükəsinin müxtəlif səviyyələrində olan 11 dil (buduq, saxur, lahıc, xınalıq, kilit, udin, qrız, rutul, tat, ləzgi və talış dilləri) daxil edilmişdir.
Milli elektron dövlətdə dilin arxitektur-texnoloji əsaslarından söz açan Ə.Qurbanova milli e-dövlət mühitində Azərbaycan dili xidmətləri sisteminin konseptual modelini təqdim etdi. Milli e-dövlət mühitində Azərbaycan dili xidmətləri sisteminin funksional modullarından bəhs edərək, dillərin sənədləşdirilməsi, dilin təmizlənməsi, orfoqrafiya və orfoepiya normalarının tənzimlənməsi, vulqarizmlər bazası, adlar-soyadlar sistemi, Milli Toponomik Geoinformasiya Sistemi, Milli Transliterasiya Sistemi, Milli Terminoloji İnformasiya Sistemi, Milli Dialektoloji Baza, dil sənayesi xidmətləri, Milli Dil Korpusu, axtarış sistemlərinin optimallaşdırılması barədə ətraflı məlumat verdi.
“Qeyd edilənlər e-dövlət mühitində Azərbaycan dilinin tam şəkildə öz yerini tuta bilməsi, qorunması və inkişafı üçün görülməsi vacib kifayət qədər işlərin olduğunu və müvafiq istiqamətlərin hər biri üzrə təxirəsalınmaz layihələrin həyata keçirilməsi zərurətini göstərir. İnformasiya texnologiyalarının təsiri ilə sürətlə qloballaşan müasir dünyada dil müxtəlifliyinin qorunması aktual məsələlərdən birinə çevrilmişdir. Ümumiyyətlə, İnternet mühitində dilin qorunması və inkişafı üsulları ilə bağlı müxtəlif ideyalar, yanaşmalar vardır. Qloballaşma prosesində dili təhlükə altında qoyan bir çox amillər mövcuddur və onların hər birinin ayrı-ayrılıqda nəzarətdə saxlanılması hesabına dili qorumaq çox çətindir. Yalnız dilin e-dövlət platformasının tərkib hissəsinə çevrilməsi, milli e-dövlət mühitində linqvistik texnologiyaların istifadəsi ilə müxtəlif e-xidmətlərin göstərilməsi və bu sistemlərin davamlı şəkildə təkmilləşdirilməsi hesabına ana dilimizi qorumaq və inkişaf etdirmək mümkündür”, – deyə Ə.Qubanova bildirdi.
Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı, bir sıra təklif və tövsiyələr irəli sürüldü.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.