AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti onlayn elmi seminarı keçirildi.
Seminarı giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktrou, dosent Rəşid Ələkbərov seminarın GPON texnologiyasına həsr olunduğunu diqqətə çatdırdı.
İnstitutun əməkdaşı Orxan Mənsimzadə mövzuya dair çıxış edərək öncə GPON (Gigabit Passive Optical Networks) haqqında məlumat verdi. Bildirdi ki, GPON PON (Passive Optical Network), mərkəzdə OLT (Optical Line Terminal), uc nöqtələrdə isə ONT (Optic Network Terminal) nöqtəsindən çox sayda nöqtələrə qədər olan passiv şəbəkələrdir.
Məruzəçi qeyd etdi ki, GPON triple-play servisi, yüksək bant genişliyi ötürməsi və uzun məsafəli (təqribən 20 km) xidmət əhatə dairəsini dəstəkləyir. Eyni zamanda GPON texnologiyası böyük şəbəkə xidməti verən operatorların əsas seçimidir.
O, PON standartları (BPON, EPON, XG-PON, NGE-PON) haqqında ümumi məlumat verdikdən sonra GPON arxitekturasını təqdim etdi. Bildirdi ki, GPON Dalğaboyu Bölmə Multipleksiyası (WDM - Wavelength Division Multiplexing) texnologiyasını tətbiq edir və tək bir lif üzərində ikiistiqamətli ünsiyyəti asanlaşdırır.
Tədqiqatçı söylədi ki, GPON birdən çox istifadəçinin upstream/downstream siqnallarını tək bir lif üzərində ayırmaq üçün iki multipleksləmə mexanizmini tətbiq edir: “Aşağı istiqamətdə məlumat paketləri yayım üsulu ilə, axın istiqamətində məlumat paketləri isə TDMA qaydasında ötürülür”.
Sonda məruzəçi GPON texnologiyasının üstünlüklərindən bəhs edərək diqqətə çatdırdı ki, bu texnologiya enerjiyə 70% qənaət edir və 22% daha az istilik istehsal edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.