AMEA İnformasiya Texnologiyaları İnstitutunda 5 saylı şöbənin “Tərcümə və lokalizasiya zamanı terminologiyanın idarə edilməsinin üstünlükləri” mövzusuna həsr olunmuş onlayn elmi seminarı keçirildi.
Məruzəni təqdim edən institutun əməkdaşı Səbinə Fomenko bildirdi ki, tərcümə üzrə iş dəyişilir və konkret terminlərə sənəddə yalnız bir və ya iki dəfə rast gəlinir. Lakin iş lokalizasiyaya çatdıqda, istifadə edilən terminologiyanın bütün layihə boyunca (müxtəlif sferalar üçün tərcümədə olduğu kimi) eyni olması çox əhəmiyyətlidir. Bu da məhz tərcümə və lokalizasiya zamanı terminologiyanın idarə edilməsidir.
Tərcümə və lokalizasiya zamanı terminologiyanın idarə edilməsi bütovlükdə vaxt, pul və qüvvəyə qənaət etməyə kömək edir. Burada idarəetmə avtomatik idarəetmə sistemləri və tərcümə yaddaşı alətləri ilə sıx bağlıdır.
“Tərcümə və lokalizasiya zamanı terminologiyanın idarə edilməsindən istifadənin mahiyyəti zamanla yenilənə bilən terminoloji bazanın yaradılmasıdır. Buraya konkret sahəyə aid təyinlər, sinonimlər, akronimlər və termin ixtisarları daxildir. Terminologiyanın idarə edilməsində məqsəd formal ünsiyyəti bütün tərcümə layihələrində konkret istifadəçi üçün standartlaşdırmaqdır”, – deyə məruzəçi nəzərə çatdırdı.
S.Fomenko terminoloji məlumat bazasının müəyyən predmetə aid olan terminlər toplusu olduğunu bildirdi. Qeyd etdi ki, terminlər sistem istifadəçisindən asılı olaraq, iki və ya bir neçə dildə ola bilər. Tərcümə və lokalizasiya zamanı tərcüməçilik işinin keyfiyyətinin saxlanılması üçün düzgün terminologiyadan istifadə etmək çox vacibdir. Lokalizasiyanın keyfiyyəti istifadəçilər tərəfindən informasiyanın düzgün qəbul edilməsinə təsir göstərir.
Məruzəçinin sözlərinə görə, terminologiya yalnız tərcüməçilər üçün deyil, həm də beynəlxalq bazarda rəqabət aparan müəssisələr üçün də əhəmiyyətlidir. Terminologiyanın idarə edilməsi müxtəlif ölkələrdə bir neçə tərcüməçi qrupları olan tərcümə şirkəti üçün problem ola bilər. Terminoloji baza müəssisədəki bütün tərcüməçilərin daim eyni terminologiyadan istifadə etmələrini təmin edir.
O, həmçinin terminoloji məlumat bazası və tərcümə yaddaşı, terminoloji bazadan istifadə, tərcümə yaddaşı aləti, ondan istifadə və s. barədə ətraflı məlumat verdi. Tərcümə və lokalizasiya zamanı terminologiyanın idarə edilməsinin əsas üstünlüklərini, onun istifadəçilər üçün yaratdığı imkanları diqqətə çatdırdı.
Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.