E-dövlət mühitində vətəndaşlara məxsus məlumatların çoxməqsədli intellektual analizi metodları araşdırılıb

27 Oktyabr 2020 - 11:54 | Konfranslar, İclaslar
E-dövlət mühitində vətəndaşlara məxsus məlumatların çoxməqsədli intellektual analizi metodları araşdırılıb

E-dövlətdə terrorizmlə əlaqəli məqalələrin aşkarlanması üçün hibrid təsnifatlandırma metodu işlənmişdir.

İnstitutun 13 saylı şöbəsinin elmi işçisi Günay İskəndərlinin  elektron dövlət mühitində vətəndaşlara məxsus məlumatların çoxməqsədli intellektual analizi metodlarının işlənilməsi mövzusunda dissertasiya işi onlayn formada təqdim olundu.  

Öncə G.İskəndərli texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün 3338.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə təqdim etdiyi dissertasiya işi haqqında məlumat verdi. Məruzəçi bildirdi ki, İnternet və informasiya-kommunikasiya texnologiyalarının (İKT) imkanlarından istifadə etməklə dövlət idarələrinin vətəndaşlara göstərdikləri xidmətlərin səviyyəsinin yüksəldilməsi, cəmiyyətin bütün təbəqələrinin dövlət idarəçiliyində aktiv iştirakının təmin edilməsi mövzunun aktuallığını şərtləndirən amillərdir.

Dissertasiya işinin əsas məqsədi isə sosial şəbəkə və mətnlərin intellektual analizi texnologiyalarının köməyilə e-dövlətin araşdırılması, bu mühitdə səmərəli qərarların qəbulunu dəstəkləyən sistemlər üçün yeni yanaşmalar, metod və alqoritmlərin təklif edilməsidir.

Dissertasiya işi giriş, 4 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir.

İddiaçının sözlərinə görə, e-dövlətin analizi texnologiyalarının müasir vəziyyətinin analizi və problemlərin müəyyən olunması, e-dövlətdə terrorizmi təbliğ edən mətnlərin təsnifatı və filtrasiyası üçün metodların işlənməsi, e-dövlətdə gizli sosial şəbəkələrin aşkarlanması və analizi üçün metodun işlənməsi dissertasiya işində qoyulmuş əsas elmi-nəzəri və praktiki məsələlərdir.

Məruzəçi e-dövlətin analizi sahəsində problemlərin müasir vəziyyətindən söz açaraq qeyd etdi ki, buraya vətəndaşların e-iştiraka cəlb olunması, e-dövlət mühitində gizli sosial şəbəkələrin aşkarlanması və analizi metodlarının işlənməsi, yeni texnologiyaların tətbiqi, vətəndaşların e-iştiraka cəlb olunması aiddir.

Sonra o, e-dövlətdə terrorizmi təbliğ edən mətnlərin təsnifatı üçün metodlar haqqında məlumat verdi. Terrorizmlə bağlı lüğət bazasının yaradılması, semantik şəbəkənin yaradılması, sənədlərin ilkin filtrasiyası, cümlələr arasında semantik yaxınlığın müəyyən edilməsi, sözlərin morfoloji təhlili və s. metodları diqqətə çatdırdı.

İddiaçı e-dövlətdə terrorizmi təbliğ edən mətnlərin aşkarlanması üçün klasterləşmə metodu, e-dövlətdə gizli sosial şəbəkələrin aşkarlanması üçün metod, aşkarlanmış sosial şəbəkələrin analizi üçün metod və alqoritm, e-vətəndaşların şərhlərinin analizi üçün metodlar haqqında məlumat verdi, eləcə də təklif olunan metodu qiymətləndirmək üçün aparılan eksperiment və nəticələri təqdim etdi.

G.İskəndərova dissertasiya işinin əsas nəticələrindən bəhs edərək diqqətə çatdırdı ki, e-dövlətin analizində sosial şəbəkə və mətnlərin intellektual analizi texnologiyalarının rolu araşdırılmış, o cümlədən e-dövlətə qoyulan tələblər və onun inkişafına yanaşmalar, e-dövlətin inkişafı və analizinin əsas problemləri müəyyən olunmuşdur. E-dövlətdə terrorizmlə əlaqəli məqalələrin aşkarlanması üçün hibrid təsnifatlandırma metodu işlənmişdir.

Sonra məruzə ətrafında müzakirələr aparıldı, iddiaçı sualları cavablandırdı.

Dissertasiya işi ilə bağlı fikirlərini bölüşən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev tədqiqat işinin aktual məsələlərə həsr olunduğunu bildirdi. Qeyd etdi ki, bu gün elektron dövlət mühitinin müxtəlif seqmentləri və sektorlarında problemlər mövcuddur. Hakimiyyət vətəndaş münasibətlərində mövcud olan informasiya fəzasının təhlil edilməsi təqdim olunan dissetrasiya işində qarşıya qoyulmuş əsas hədəflərdəndir.

Alim e-dövlət mühitində vətəndaşlara məxsus məlumatların çoxməqsədli intellektual analizi ilə bağlı tədqiqatların gələcəkdə də davam etdirilməsini, daha da dərinləşdirilməsini tövsiyə etdi.

Akademik tədqiqat çərçivəsində görülən işləri yüksək qiymətləndirərək dissertasiyanın “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin bütün tələblərinə cavab verdiyini bildirdi. Əlavə etdi ki,  irad və tövsiyələr nəzərə alınmaqla dissertasiya işi müdafiə mərhələsinə təqdim oluna bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.