Sentyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsinin və Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə Milli Transliterasiya Sisteminin və “Transliterasiya” veb-portalının onlayn təqdimatı keçirilib. Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, Humanitar Elmlər Bölməsinin rəhbəri, akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, AMEA-nın müxbir üzvləri Məsumə Məmmədova və Ramiz Alıquliyev, həmçinin Milli Transliterasiya Sisteminin və “Transliterasiya” veb-portalının hazırlanmasında yaxından iştirak edən AMEA-nın İnformasiya Texnologiyaları və Nəsimi adına Dilçilik institutlarının əməkdaşları, o cümlədən akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, Bakı Dövlət Universitetinin, Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin ingilis, alman, fransız, italyan, ispan və fars dilləri üzrə mütəxəssisləri, media nümayəndələri və qonaqlar iştirak ediblər.
Onlayn tədbirdə giriş nitqi ilə çıxış edən akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, “Azərbaycan dövlətinin müstəqillik qazanması Azərbaycanın dövlət dil siyasətinin yeni əsaslar üzərində qurulmasına və dövlət quruculuğu işində dilin mühüm amili hesab edilməsinə, dil siyasəti sahəsində aparılan işlərin daha da genişlənməsinə üfüqlər açmışdır”. Dünyanın qədim dillərindən biri olan Azərbaycan dilində hələ XIII əsrdən etibarən yazılı ədəbiyyat nümunələri yazılıb, ərsəyə gəlib. Azərbaycan dili türk dilləri, ümumiyyətlə dünya dilləri içərisində özünün zənginliyinə və geniş potensialına görə xüsusi yer tutur. Təsadüfi deyildir ki, Azərbaycan dili uzun illər Qafqazda ümumünsiyyət dili statusunda çıxış edib.
Akademik İsa Həbibbəyli Sovetlər Birliyi dönəmində o zamankı rejimin sərt maneələrinə baxmayaraq, ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsinə nail olduğunu xatırladıb. Vurğulayıb ki, ulu öndər istər əvvəlki dövrlərdə, istərsə də müstəqillik illlərində Azərbaycan dilinin, ədəbiyyatımızın, mədəniyyətimizin və incəsənətimizin geniş spektrdə inkişafına mühüm töhfələr verib.
AMEA-nın birinci vitse-prezidenti daha sonra onlayn tədbirin iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 aprel 2013-cü il tarixli müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.1.4-cü bəndi Milli transliterasiya standartlarının hazırlanması məsələlərini özündə ehtiva edir. Akademikin sözlərinə görə, adıçəkilən Dövlət Proqramının digər bəndi – 6.3.9. Milli transliterasiya standartları əsasında Azərbaycan əlifbasından digər əlifbalara transliterasiyanı həyata keçirən proqram təminatının hazırlanmasına həsr olunub.
Akademik İsa Həbibbəyli, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 fevral 2020-ci il tarixli müvafiq qərari ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı”nın müvafiq bəndlərində Milli transliterasiya standartlarına və bu standartlar əsasında ölkəmizə aid coğrafi adların müxtəlif dillərdə yazılışını əks etdirən elektron bazanın yaradılması məsələlərinin yer aldığını vurğulayıb.
Daha sonra İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Səbinə Məmmədzadə Milli Transliterasiya Sisteminin sisteminin veb-saytını təqdim edib. O, institutun mütəxəssisləri tərəfindən hazırlanan saytın AR Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının İnternet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə uyğunlaşdırıldığını qeyd edib. S.Məmmədzadə onlayn mühitdə işləyəcək açıq sistem olan transliterasiya sisteminin Azərbaycan, ingilis, rus, fransız, alman dilləri üçün nəzərdə tutulduğunu söyləyib. Həmçinin onun “Ana səhifə”, “Transliterasiya haqqında”, “Transliterasiya standartları”, “Transliterasiya cədvəlləri”, “Əməkdaşlıq” və “Əlaqə” bölmələrindən ibarət olduğunu diqqətə çatdırıb.
Layihənin icrası üçün İşçi qrupun təşkil olunduğunu bildirən məruzəçi beynəlxalq standartlar əsasında transliterasiya sisteminin yaradılması məqsədilə xarici təcrübənin araşdırıldığını, Azərbaycanda transliterasiya sahəsində mövcud vəziyyətin öyrənildiyini qeyd edib.
S.Məmmədzadə bildirib ki, transliterasiya cədvəlləri müvafiq sahələrin mütəxəssisləri ilə birlikdə tərtib edilib və bu konvertasiya cədvəlləri vasitəsi ilə mətnləri Azərbaycan dilindən ingilis, rus, fransız, alman, ispan, fars dillərinə və həmin dillərdən Azərbaycan dilinə transliterasiya etmək mümkündür.
Məruzəçi veb-saytda mətnlərlə yanaşı, həmçinin qeyd olunan dillərdə fəaliyyət göstərən istənilən veb-saytın transliterasiyasının da mümkün olacağını vurğulayıb: “Bunun üçün istifadəçilər saytın transliterasiyası bölməsinə daxil olaraq transliterasiya etmək istədiyi veb-saytın fəaliyyət göstərdiyi dili, onun ünvanını və transliterasiya olunacaq dili seçməlidir”.
O, həmçinin qeyd edib ki, istifadəçilər veb-saytın forum bölməsinə daxil olmaqla transliterasiya ilə bağlı rəy və təkliflərini təqdim edə biləсəklər.
Onlayn tədbirdə çıxış edən Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor İlham Tahirov qeyd edib ki, Milli Transliterasiya Sistemində Azərbaycan dilinə xas olan mətnlərin 8 xarici dilə transliterasiyası – konvertasiyası həyata keçirilib. Alim ana dilimizdə olan şəxs adlarının, coğrafi adların, toponimlərin əcnəbi dillərə konvertasiyası prosesində qarşıya çıxan çətinliklər, xüsusilə “ə”, “ö”, “ü”, “ğ”, “ç” və “x” hərflərinin transliterasiyasının spesifik xüsusiyyətləri barəsində ətraflı danışıb.
İ.Tahirov vurğulayıb ki, transliterasiya yazının hərfi tərkibinin (hərf-hərf) bir qrafikadan digərinə, bir yazı sistemindəki hərflərin başqa yazı sisteminin hərflərinə keçirilməsidir. Alim çıxışında, həmçinin transliterasiya və transkripsiya məsələlərinin qarşılıqlı əlaqəsinə də toxunub.
Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu öz çıxışında orta əsrlərdə ərəb və fars əlifbaları ilə yazılan Azərbaycan dilli əsərlərin, bədii ədəbiyyat nümunələrinin, həmçinin “Molla Nəsrəddin” jurnalının və “Əkinçi” qəzetinin Azərbaycan dilinə transliterasiyası məsələlərinə toxunub.
Alim Milli Transliterasiya Sisteminin hazırlanmasında iştirak edən dilçi alimlərimizin qonşu ölkələr – Türkiyə və Gürcüstanın transliterasiya məsələlərinin həlli sahəsində qazandıqları təcrübəyə müraciət etdiklərini də diqqətə çatdırıb. Onun sözlərinə görə, “biz bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Dövlət dil siyasətinin təntənəsinin şahidiyik”.
Onlayn tədbirdə çıxış edən Dilçilik İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli vurğulayıb ki, transliterasiya ümumi halda “fonetik yazı” kimi qiymətləndirilən transkripsiyanın bir növü olaraq qəbul edilir. Adətən, söhbət xüsusi adların transkripsiyasından getdikdə “transliterasiya” termini işlənir. Transliterasiya xüsusi adlara münasibətdə hədəf dilin fonetik yazısının mənbə dilin fonetik yazısına uyğunlaşdırılması, bir səs-əlifba sisteminin başqa bir səs-əlifba sistemi üzərinə köçürülməsidir.
O, həmçinin qeyd edib ki, Milli Transliterasiya Sisteminin və “Transliterasiya” veb-portalının hazırlanması AMEA-nın Nəsimi Dilçilik və İnformasiya Texnologiyaları institutları ilə yanaşı akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, həmçinin Bakı Dövlət Universitetinin, Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin, həmçinin Peru Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin ingilis, alman, fransız, italyan, ispan və fars dilləri üzrə mütəxəssisləri ilə birgə məhsuldar əməyin çox dəyərli bəhrəsidir.
Daha sonra AMEA-nın vitse-prezidenti, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev ilk öncə, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Dövlət dil siyasəti sahəsində əldə edilən mühüm nailiyyətlər, bu sahədə müntəzəm olaraq qarşıya qoyulan tapşırıqlar və qəbul edilmiş sənədlər barəsində danışıb. Qeyd edib ki, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan dilinin informasiya cəmiyyətinin tələblərinə uyğunlaşdırılması, onun elmi-nəzəri əsaslarının araşdırılması istiqamətində bir sıra mühüm işlər həyata keçirilməkdədir.
Azərbaycan dilinin elektron bazasının formalaşdırılması sahəsində əldə edilən nailiyyətlərdən söz açan akademik R.Əliquliyev İnformasiya Texnologiyaları və Nəsimi adına Dilçilik institutlarının alim və mütəxəssislərinin birgə fəaliyyətinin bəhrəsi olan Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının – azerbaycandili.az portalının, Milli Terminoloji İnformasiya Sisteminin konsepsiyası və terminologiya.az veb-portalının hazırlanıb istifadəyə verildiyini xatırladıb. Qeyd edib ki, bu gün geniş elmi ictimaiyyətə təqdim olunan Milli Transliterasiya Sistemi və “Transliterasiya” veb-portalı müstəsna əməkdaşlığının daha bir qiymətli bəhrəsidir. Alim milli onomastika sisteminin hazırlanması istiqamətində də işlərə start verildiyini diqqətə çatdırıb.
Akademik Rasim Əliquliyev vurğulayıb ki, virtual məkan öz növbəsində Azərbaycan dilinə klassik yanaşmadan daha fərqli, yeni yanaşmaları – təbii dilin kompüter emalı texnologiyalarının tətbiqi, maşın tərcüməsinin keyfiyyətinin artırılması və s.-ni zəruri edir. Alim öz çıxışında Azərbaycan dilində antiplagiat, antivirus proqramlarının, həmçinin axtarış sistemlərinin hazırlanması, kibercinayətkarlıqla mübarizə sahəsində dilin özünəməxsus mövqeyi, eləcə də adıçəkilən istiqamətlərdə aparılan tədqiqatların transliterasiya ilə sıx əlaqəsi məsələlərinə də toxunub. Azərbaycan dilinin digər dillərə statik transliterasiyası ilə yanaşı, intellektual transliterasiyasına da ehtiyac duyulduğunu qeyd edib.
Həmçinin vurğulayıb ki, Azərbaycan dilinin virtual məkanda üzləşdiyi çətinliklərin aradan qaldırılması, Text Mining (mətnlərin intellektual analizi) texnologiyalarının inkişaf etdirilməsi məqsədilə bu gün ölkəmizdə kompüter dilçiliyi sahəsində mütəxəssislərin hazırlanmasına böyük ehtiyac vardır.
Akademik R.Əliquliyev .az domenində Azərbaycan dilinin orfoqrafiya qaydalarının üzləşdiyi problemlər – xüsusilə “ə”, “ö”, “ü”, “ğ”, “ç” və “x” hərflərinin transliterasiyası və bu kimi mühüm məsələlər barədə də danışıb.
Tədbirin sonunda qarşıda duran problemlər və vəzifələr haqqında müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.