AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, şöbə müdirləri – AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və Rasim Mahmudovun həmmüəllifi olduqları “Information security as a national security component” (“İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin komponenti kimi”) adlı məqalə dünyanın nüfuzlu “Taylor&Francis” nəşriyyatına məxsus “Information Security Journal: A Global Perspective” jurnalında dərc olunub.
Məqalədə milli təhlükəsizliyin mahiyyətinə, məzmununa dair müxtəlif yanaşmalar araşdırılmışdır. Milli təhlükəsizliyin vəzifələri, təmin olunması metodları şərh olunmuşdur. Milli təhlükəsizliyin obyekti olan həyati vacib maraqlar, müxtəlif sahələr təsnif edilmişdir. Bu təsnifata uyğun olaraq, milli təhlükəsizliyin ictimai-siyasi təhlükəsizlik, hərbi təhlükəsizlik, informasiya təhlükəsizliyi, qida təhlükəsizliyi, enerji təhlükəsizliyi, təhsil sisteminin təhlükəsizliyi, elmi-texnoloji təhlükəsizlik, səhiyyə sisteminin təhlükəsizliyi, nəqliyyat sisteminin təhlükəsizliyi, ekoloji təhlükəsizlik, KİV-in təhlükəsizliyi, mədəni-mənəvi təhlükəsizlik kimi komponentləri fərqləndirilmişdir. İKT-nin inkişafı, informasiya təhlükəsizliyinin formalaşması ilə əlaqədar milli təhlükəsizlik sistemində informasiya cəmiyyətinin artan rolu və vəzifələri göstərilmişdir. Həmçinin informasiya təhlükəsizliyi ilə milli təhlükəsizliyin digər komponentləri arasında qarşılıqlı münasibətlər analiz edilmişdir. Hər bir milli təhlükəsizlik komponentində İKT-nin tətbiq sahələri, informasiya təhlükəsizliyi təhdidləri müəyyən edilmiş, onların aradan qaldırılması yolları göstərilmişdir.
Qeyd edək ki, “Information Security Journal: A Global Perspective” jurnalı “Web of Science” (ESCI) və “SCOPUS” (Q2) beynəlxalq elmi bazalarında indeksləşir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.