Elmi biliklərin avtomatik əldə olunması problemləri tədqiq olunur

19 İyun 2020 - 10:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin növbəti elmi seminarı onlayn formada  keçirildi.

Şöbənin əməkdaşı Nərgiz Verdiyeva “Elmi biliklərin avtomatik əldə olunması probleminin tədqiqi” mövzusunda məruzə edərək biliklərin əldə edilməsi və istifadəsinin minilliklər ərzində insan sivilizasiyasının inkişafında böyük əhəmiyyətə malik olduğunu dedi. Qeyd etdi ki, müasir dövrdə informasiya texnologiyaları və insanların onlarla qarşılıqlı əlaqələri idrak proseslərinə təsir edərək biliklərin əldə edilməsi, yayılması, əlçatanlığı və istifadəsini yüksək səviyyəyə çatdırmışdır.

Problemin aktuallığından bəhs edən məruzəçi bildirdi ki, elmi verilənlər eyni zamanda gizli biliklərin daşıyıcısıdır və onun emalı elmin yeni keyfiyyətdə təşkili, idarə olunması və tətbiqi üçün geniş imkanlar açır. Böyük həcmli elmi verilənlərdən gizli biliklərin əldə olunmasının təkamülü, müasir vəziyyəti, əsas problemləri və həll perspektivlərinin tədqiqi aktual məsələ kimi öz təsdiqini tapır.

“Elmi verilənlər gizli biliklər mənbəyidir”, – deyən N.Verdiyeva onların növlərini sadaladı, buraya müşahidə, hesablama, eksperimental və məlumat verilənlərin aid olduğunu söylədi. Həmçinin elmi verilənlərin elm sahələri üzrə təsnifatı və biliklərin əldə olunmasının təkamülü ilə bağlı məlumatları diqqətə çatdırdı.

Əşyaların İnternetindən (IoT - The Internet of Things) söz açan məruzəçi bildirdi ki, IoT proqram təminatları sensorlar və qəbuledicilər vasitəsilə əşyaların bir-biri ilə şəbəkə vasitəsi ilə qarşılıqlı əlaqəsini və verilənlərin ötürülməsini təmin edən dinamik, genişmiqyaslı mühitdir. IoT İnternetə çıxışı olan kompüter, noutbuk, “ağıllı” telefonlar və s. kimi cihazlardan əlavə, həm də digər ənənəvi “ağıllı” olmayan cihazların – əşyaların İnternetə çıxışını ehtiva edir.

N.Verdiyeva kiber-fiziki sistemlər haqqında məlumat verərək qeyd etdi ki, bu  sistemlər fiziki proseslərin hesablamalara və hesablamaların da fiziki proseslərin gedişatına təsir etməsi ilə xarakterizə olunur. Onlar “müstəqil” və “ağıllı” sistem yaradan, buna görə də fərqli və fiziki cəhətdən uzaq olan subyektlər arasında inteqrasiyanı asanlaşdıran texnologiyaların toplusudur.

O, bildirdi ki, prosesin avtomatlaşdırılması səviyyəsindən asılı olaraq biliklərin əldə olunması metodlarını şərti olaraq əl, yarımavtomatik və avtomatik olmaqla 3 qrupa bölmək olar. Həmçinin vurğuladı ki, bilik mənbələri “strukturlaşdırılmış” və “strukturlaşdırılmamış” olaraq iki qrupa ayrılır.

Sonda N. Verdiyeva elmi biliklərin əldə olunması problemlərindən bəhs etdi. Məruzəçinin sözlərinə görə, bu problemlərə onların az  tədqiq olunması, biliklərin alınması proseslərinin nəzəri aspektlərinin vahid nəzəri bazasının olmaması, biliklərin təsvir olunma modellərinin sərtliyi və s. aiddir.

Tədqiqatçı bu problemlərin həllinə dəstək verən elmi qurumlar, jurnallar və konfranslar haqqında da məlumat verdi.

Məruzə ətrafında müzakirələr aparıldı, şöbə müdiri Təhmasib Fətəliyev elmi biliklərin avtomatik əldə olunması  problemlərinin tədqiqi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və tanınmış jurnallarda nəşr olunmuş məqalələrin araşdırılmasını tövsiyə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.