“Google” korporasiyası pasiyentlərin həb şəklində qəbul edəcəyi xüsusi maqnit nanohissəciklərinin köməyilə onkoloji, ürək-damar və digər xəstəliklərin ilkin mərhələdə diaqnostikasına imkan verən texnologiyanı təqdim edib.
CNews yüksək texnologiyalar nəşrinin məlumatına görə, nanohissəciklər eritrositlərdən min dəfə kiçik olaraq müxtəlif örtüklərə malik olacaqlar ki, onların da hesabına xərçəng və qan hüceyrələrinə, piy piləklərinə, müxtəlif zülal molekullarına və s. yapışacaqlar. Pasiyentin biləyindəki xüsusi elektron qolbaq nanohissəciklərin maqnit sahəsini təyin edə və onların cəmləşməsi haqda informasiya toplaya biləcək. Bu məlumatlar isə diaqnostika üçün baza rolunu oynayacaq.
Google X bölməsinin 100-dən artıq əməkdaşının üzərində çalışdığı layihənin rəhbəri, molekulyar biologiya üzrə mütəxəssis Endryu Konrad bildirib ki, burada alimlərin əsas vəzifəsi xəstəliyi tez bir vaxtda aşkar etməkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.