İnformasiya texnologiyaları üzrə elmi şuranın ilk iclası keçirildi

11 Mart 2020 - 17:05 | Konfranslar, İclaslar

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının nəzdindəki informasiya texnologiyaları üzrə elmi şuranın ilk iclası keçirildi. AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə iddiaçıların müdafiə prosesinin asanlaşdırılmasının zəruri olduğunu, hazırda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi altında bu istiqamətdə ciddi tədbirlərin görüldüyünü diqqətə çatdırdı.

Sonra akademik R.Əliquliyev bildirdi ki, bu gün elmlər doktoru hazırlığı üzrə 2 iddiaçının mövzularının müzakirə edilməsi nəzərdə tutulur. Alim institutunun dissertantı, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılovanın 3338.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “İnformasiya cəmiyyəti şəraitində insan resurslarının intellektual idarə olunmasının elmi-metodoloji əsaslarının işlənməsi” mövzusunda dissertasiya işi haqqında məlumat verdi.

Həmçinin institutun dissertantı, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyevin 3338.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi model və metodları” mövzusunda dissertasiya işi ilə bağlı ümumi məlumatları diqqətə çatdırdı.

Hər iki mövzu ilə bağlı suallar cavablandırıldı. Səsvermə nəticəsində mövzular təsdiq edildi və iddiaçıların müdafiəyə buraxılması tövsiyə olundu.

Sonra iclasda fəlsəfə doktoru hazırlığı üzrə 3 iddiaçının dissertasiya mövzuları təqdim olunudu.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin dissertantı Könül Sultanovanın “Qeyri-müəyyən mühitdə paralel paylanan proseslərin idarəetmə model və alqoritmlərinin işlənməsi”, Sumqayıt Dövlət Universitetinin doktorantı Qənimə Hüseynovanın “Maşınqayırma istehsalında məhsulun keyfiyyətinə nəzarət və idarəetmə sisteminin model və alqoritmlərinin işlənməsi” və İnformasiya Texnologiyaları İnstitutunun dissertantı Roza Şahverdiyevanın “Texnoparkların fəaliyyətinin səmərəli təşkili və idarə olunması üçün model və metodların işlənilməsi” mövzusunda dissertasiya işləri müzakirə olunaraq təsdiq olundular.

Tədbirin sonunda informasiya texnologiyaları üzrə elmi şuranın fəaliyyətinə dair fikir mübadiləsi aparıldı, bir sıra təkliflər irəli sürüldü. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.