AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirildi. İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın “Paralel proqramlaşdırma: əsas yanaşmaların analizi” mövzusuna həsr olunduğunu bildirdi.
Məruzəni təqdim edən institutun laborantı Yusif İmamverdiyev qeyd etdi ki, ənənəvi üsullarda proqramlar ardıcıl hesablamalar şəklində yazılaraq kompüterdə bir prosessor tərəfindən yerinə yetirilir, məsələlər müxtəlif əmrlərə bölünür, hər bir əmr digərindən sonra işlənir və eyni anda yalnız bir əmr yerinə yetirilir.
Onun sözlərinə görə, paralel proqramlaşdırma üsulu ilə məsələnin həllində eyni vaxtda birdən çox prosessordan istifadə olunur, o eyni vaxtda həll ediləcək məsələnin müxtəlif hissələrinə bölünür və əmrlər eyni vaxtda fərqli prosessorlarda yerinə yetirir.
Məruzəçi bildirdi ki, paralel proqramlaşdırmada elmin müxtəlif sahələrində meydana çıxan böyük hesablama və yaddaş resursları tələb edən məsələlərin həllində geniş istifadə olunur.
Y.İmamverdiyev hesablama sistemlərinin arxitekturu, bir proses, bir məlumat (Single instruction, single data (SISD), bir əməliyyat, çoxlu verilən (Single instruction, multiple data (SIMD), çoxlu əməliyyat, bir verilən (Multiple instruction, single data), çoxlu əməliyyat, çoxlu verilən (Multiple instruction, multiple data (MIMD) haqqında ətraflı məlumat verdi.
Çox prosessorlu mühitlərdə, paralel iş nəticəsində məsələnin həllində vaxta qənaəti təxmin etmək üçün istifadə edilən Amdal qanunu barədə danışan məruzəçi bildirdi ki, Amdahl tərəfindən hazırlanan bu qaydaya əsasən paralel iş nəticəsində vaxt qənaəti formalaşdırılıb: “Hər hansı bir məsələnin həlli üçün yazılmış proqramın paralelləşdirməsi zamanı həll vaxtının sürətlənməsi Amdal qanununu ilə təyin olunur. Bu qanuna görə məsələ bir neçə hissəyə bölünüb paralelləşdirilsə də, nəticəni almağa sərf olunan zaman, paralelləşdirilmiş məsələnin ən uzun fraqmentindən qısa ola bilməz”.
Məruzəçinin sözlərinə görə, paralel proqramlaşdırmada OpenMP, MPI (Massively Parallel İnterface), PVM (Paralel Virtual Machine), CUDA kimi müxtəlif proqram interfeysləri istifadə olunur. Bir növ tətbiqi proqramlaşdırma interfeysi olan OpenMP özündə kitabxanaları (tətbiqi proqram əlavələrini), kompilyator direktivlərini və əməliyyat sistemi sazlamalarını saxlayır və yalnız paylaşılan (shared) yaddaş sistemlərini hədəf alır.
Sonda o, paylanmış yaddaşlı və çoxprosessorlu hesablama sistemlərində (MPP arxitekturlu) alt proqramlara bölünmüş proqramın paralel yerinə yetirilməsini təmin edən MPI proqram interfeysi barədə məlumat verdi.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.