“İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransı informasiya təhlükəsizliyinin elmi-nəzəri problemlərin həlli üçün yeni imkanlar yaradıb

23 Yanvar 2020 - 15:28 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev 29 noyabr 2019-cu il tarixində İnformasiya Texnologiyaları İnstitutunda AMEA Rəyasət Heyəti və İTİ-nin təşkilatçılığı ilə keçirilən “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransının nəticələri haqqında məlumat verdi. Bildirdi ki, müasir şəraitdə dövlət, özəl sektor və vətəndaş cəmiyyəti təşkilatları qarşısında vacib vəzifələr qoyduğunu nəzərə alaraq, fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi problemlərinə həsr olunan konfransın əsas məqsədi fərdi məlumatların təhlükəsizliyinin multidissiplinar problemləri, cəmiyyətdə informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, fərdi məlumatların təhlükəsizliyinin etibarlı idarə edilməsi kimi məsələlərin araşdırılması və müzakirəsi olub.

Y.İmamverdiyev dövlət qurumlarının rəhbərlərinin, beynəlxalq və respublika səviyyəli ictimai təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən konfransın geniş fikir, bilik və təcrübə mübadiləsinin aparılması, bu sahədə mövcud problemlərin həlli üçün yeni imkanların yaranması və informasiya təhlükəsizliyinin elmi-nəzəri, praktiki və humanitar problemlərinin həlli baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.

Onun sözlərinə görə, plenar və bölmə iclasları ilə keçirilən konfransda “İnformasiya cəmiyyəti şəraitində Azərbaycan vətəndaşlarının identifikasiyası problemləri və onların həlli yolları haqqında”, “Elektron dövlət mühitində fərdi məlumatların təhlükəsizliyi problemləri və onların həlli yolları”, “Tibbi sosial media istifadəçilərinin fərdi məlumatlarının təhlükəsizliyi məsələləri”, Konfidensiallığı qorumaqla fərdi məlumatların intellektual analizi üçün Deep Learning metodları”, “Fərdi məlumatların leqal və “qara” biznesinin formalaşması xüsusiyyətləri” və “Milli mentalitet və stereotiplər kontekstində fərdi məlumatlara həssaslığın folklorik təzahürləri” və digər məruzələr dinlənilib.

Konfransın “Fərdi məlumatların təhlükəsizliyinin elmi-texnoloji problemləri”, “Fərdi məlumatların təhlükəsizliyinin elmi-humanitar problemləri” və “Fərdi məlumatların təhlükəsizliyinin elmi-praktiki problemləri” istiqamətlərində öz əksini tapdığını qeyd edən şöbə müdiri aparılan elmi-tədqiqatlarda mühüm elmi nəticələrin əldə olunduğunu diqqətə çatdırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.