2020-ci ilədək hər adambaşına 4 İnternet-qurğu düşəcək

22 Oktyabr 2014 - 09:54 | Maraqlı məlumatlar
2020-ci ilədək hər adambaşına 4 İnternet-qurğu düşəcək

2014-cü ildə dünyada İnternetə qoşulmuş 12 milyard qurğudan (və ya adambaşına 1,7 qurğu) istifadə olunacaq. lenta.ru saytının bildirdiyinə görə, bu haqda “Strategy Analytics” analitik şirkətin araşdırmalarında deyilir.

2020-ci ilədək isə İnternet-qurğularının sayı 33 milyarda çatacaq. Yəni, hər adambaşına 4,3 qurğu düşəcək.  

Araşdırmalarda İnternetə qoşula biləcək bütün qurğular nəzərə alınıb. Bunlar smartfonlar, fərdi kompüterlər, planşetlər, “ağıllı” evlər, smart-TV, şəbəkəyə qoşulmuş mediaqurğular (oyun pristavkaları) və daşınan elektronikadır (“ağıllı” saatlar, fitnes-trekerlər).

Analitiklər qurğuların sayının sürətli artımını əşyaların İnternetinin aşağıdakı kateqoriyaları hesabına olduğunu qeyd ediblər: M2M, “ağıllı” əşyalar (misal üçün, “ağıllı” qol saatları), “ağıllı” elektrik təchizatı şəbəkəsi (smart grid) və “ağıllı” şəhərlər. Hazırda bunlar dünyadakı İnternet-qurğularının artıq yarı hissəsini təşkil edir. 2020-ci ilədək bu istiqamətdə müşahidə olunan inkişaf İnternetə daha 17,6 milyard qurğunun qoşulmasına imkan verəcək. 

 “Strategy Analytics” məruzəsinin müəllifi Endryu Braun əşyaların İnternetinə artıq 5 milyard qurğunun qoşulduğunu bildirərək, “Biz, hazırda bu inqilabın başlanğıc mərhələsindəyik” – deyib. Onun sözlərinə görə, “ağıllı” şəhərlər və “ağıllı” elektrik təchizatı şəbəkəsi – bu iki istiqamət yaxın illərdə hər bir insanın həyatının tərkib hissəsinə çevriləcək. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.