Mobil hesablama buludlarında meydana çıxan problemlərin həlli yolları araşdırılıb

27 Dekabr 2019 - 12:57 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov seminarın “Mobil hesablama buludlarının optimal sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusuna həsr olunduğunu bildirdi.

Adıçəkilən mövzu ilə bağlı məruzəni təqdim edən şöbənin baş mütəxəssisi Oqtay Ələkbərov bu işin məqsədinin mobil qurğuların hesablama və yaddaş resurslarındakı məhdudiyyətləri, multimedia tətbiqi proqramlarından istifadə zamanı şəbəkədə baş verən gecikmələri aradan qaldırmaq və mobil qurğuların enerji sərfiyyatını azaltmaq məqsədi ilə cloudlet əsaslı mobil hesablama buludlarının sintezi üçün metod və alqoritmlərin işlənməsi olduğunu bildirdi.

O, mobil hesablama buludları sisteminin komponentlərini göstərərək, bunlara mobil qurğular, mobil şəbəkələr, əlaqə kanalları, Cloudlet şəbəkəsi, İnternet şəbəkəsi və hesablama buludlarının daxil olduğunu qeyd etdi.

Məruzəçi mobil qurğuların texniki imkanlarının aşağı olması və İnternet trafikin sürətinin az olmasının şəbəkədə kiçik həcmli SMS-in  göndərilməsi, hava proqnozları və valyuta məzənnələrinin göstərilməsi kimi xidmətlərdən istifadə edilməsinə imkan verdiyini qeyd etdi.

O.Ələkbərov hesablama buludlarında meydana çıxan problemlər barədə məlumat verdi. Vurğuladı ki, bu problemlərə Cloud Computing sistemində bulud serverlərinin mobil istifadəçidən uzaqda yerləşməsi, şəbəkənin həddən artıq yüklənməsi nəticəsində əlaqə kanalının ötürmə imkanlarının az olması, şəbəkədə gecikmələrin baş verməsi, əlaqə kanallarında qırılmaların yaranması, məlumatların və nəticələrin istifadəçiyə gec çatdırılması, şəbəkədə məlumatlara əlyetərliliyin təmin edilməsi və s. aiddir. O, Cloud Computing texnologiyasından istifadə etməklə, böyük hesablama və yaddaş resursları tələb edən proqram əlavələrinin həllində mobil qurğularda resurs (hesablama və yaddaş) və enerji  (akkumliyatorlar tez tükənir) çatışmazlığı problemlərinin aradan qaldırılmasına imkan yaradıldığını qeyd etdi.

Mobil hesablama buludlarının əsas kriteriyalarından danışan məruzəçi bildirdi ki, bu kriteriyalara məsələnin həll xərci, həll vaxtı, istifadəçilərin məlumatlarının təhlükəsizliyinin təmin edilməsi, verilənlərin, həmçinin nəticənin istifadəçilərə sürətli və etibarlı  çatdırılması, mobil qurğuların məsələlərin həllində enerji sərfiyyatının azaldılması aiddir.

O, həlli nəzərdə tutulan məsələlərə Cloudlet əsaslı iyerarxik arxitekturlu mobil cloud computing sistemlərdən istifadə edilməsi, Bulud serverlərdə faylların istifadə tezliyinə görə yaddaş qurğularında optimal yerləşdirilməsi, gecikmələri azaltmaq üçün istifadəçinin proqram əlavələrinin istifadəçiyə yaxın Cloudletlərdə yerləşdirilməsi, Cloudletlərin məsələnin həll vaxtına və  xərcinə görə optimal seçilməsi, minimal xərclə məsələnin həllini təmin edən virtual maşınların seçilməsi, şəbəkədə etibarlığın təmin edilməsi üçün istifadəçi ilə cloudletlər arasında minimal əlaqə kanalından istifadə edilməsi, mobil istifadəçilərin hərəkət marşrutunun monitorinqini aparmaqla onun həll etdiyi məsələləri cloudletlərdə optimal yerləşdirilməsi, nəticələrin eksperimental yolla yoxlanmasının aid olduğunu diqqətə çatdırdı.

O.Ələkbərov aparılan tədqiqatların nəticəsi kimi dərc olunan elmi əsərləri barədə məlumat verdi. Bildirdi ki, mövzu ilə bağlı 1 məqalə Scopusda olmaqla, ümumilikdə 9 məqalə beynəlxalq bazalarda indeksləşən jurnallarda, eləcə də beynəlxalq səviyyəli elmi konfranslarda 5 (WoS, IEEE), respublika səviyyəli elmi konfranslarda isə 4 tezis, o cümlədən 1 kitab dərc edilib.

Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.