İlk 3D printerlər meydana gəldiyində alimlər bu texnologiyanın nə qədər müddət fəaliyyət göstərcəyini təxmin edə bilmirdilər. Məlumdur ki, üçölçülü çap üçün adi vasitələr artıq müxtəlif avadanlıqların istehsalında və hətta evlərin tikintisində də tətbiqini tapıb. Hazırda həkimlər 3D çapın tamamilə fərqli tətbiqini təklif ediblər.
pravda.ru saytının məlumatına görə, alimlər ilk dəfə xüsusi bioprinterdə nəfəs borusunu çap ediblər. Nəfəs borusu, traxeya (yun. Trachus hərfi mənası kontur, hüdud deməkdir, lat. trachea) qırtlağın ardı olub, qida borusunun önündə yerləşir. Formaca silindrə bənzəyən bu orqan havanın ağciyər toxumasına keçərək nəfəs alma prosesini təmin edir.
Mütəxəssislərin sözlərinə görə, süni orqanın çapı üzrə sınaq müvəffəqiyyətlə həyata keçib. Daha əvvəl ABŞ-dan olan alimlər eyni təbii orqanları bioprinterdə çap etməyə çalışsalar da sınaqlar uğurlu olmurdu. Tədqiqatçılar yeniliyə nail olmaq üçün süni nəfəs borusu əvəzedicilərində əzələlərin və qığırdaq sahələrinin müxtəlif toxumalarını çap edə biliblər.
Alimlər gələcəkdə bu traxeyaların insanlara implantasiya etmək üçün istifadə oluna biləcəyini güman edirlər. Bioloqlar traxeyanı meydana gətirən toxumaların bioloji parçalanan polyester materialdan və hidrojellərdən hazırlandığını bildiriblər. Mütəxəssislər əldə olunan nəticələrdən razı olsalar da hələ ki, bu kimi orqanlar tibbdə tətbiq edilmir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.