28-29 noyabr tarixlərində Yunanıstanın paytaxtı Afina şəhərində EaPConnect və GARR layihəsi çərçivəsində 5-ci “SIG-CISS” (5th “SIG-CISS”, Cloudy Interoperable Software Stacks – Bulud İnteraktiv Proqram Dəstəkləri) seminarı keçirilib. Seminarda CS3-CİSS sisteminə daxil olan “OpenStack”, “Sync‘n Share”, “SaaS”, “İnfrastruktur” xidmətlərindən səmərəli istifadə haqqında geniş məlumat verilib və bu xidmətlərdə meydana çıxan problemlər göstərilib.
Dəyirmi masa şəklində keçirilən 2 günlük seminarda Azərbaycan (AzScienceNet), Belarusiya (BASNET), Gürcüstan (GRENA), Moldova Respublikası (RENAM) və s. dövlətlərin milli tədqiqat və təhsil şəbəkələrinin rəhbərləri iştirak ediblər.
Tədbirin əsas məqsədi EaPConnect-ə üzv olan dövlətlərin qarşısında duran çətinlikləri, problemləri, onların aradan qaldırılması yollarını müzakirə etmək və üzv təşkilatlara informasiya və ekspert dəstəyinin göstərilməsi, praktiki tövsiyələrin verilməsi olub.
Qeyd edək ki, 5-ci “SIG-CISS” seminarında ölkəmizi İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Oqtay Ələkbərov və AzScienceNet-in əməkdaşı Orxan Mənsimzadə təmsil ediblər.
Xatırladaq ki, Avropanın Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən EaPConnect layihəsi Şərq Tərəfdaşlığı ölkələrini (Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova, Ukrayna və s.) əhatə edən elektron elm infrastrukturunun yaradılması və bu ölkələrdə fəaliyyət göstərən tədqiqat və təhsil müəssisələrində milyonlara alim, müəllim heyəti və tələbənin yüksəksürətli, genişzolaqlı İnternet şəbəkəsinə asanlıqla çıxışının təmin edilməsini nəzərdə tutur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.