“İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransında AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev “İnternet və e-dövlət mühitində fərdi məlumatların təhlükəsizliyi problemləri və onların həlli yolları” mövzusunda məruzə ilə çıxış etdi.
Fərdi məlumatların mühafizəsinin normativ-hüquqi bazası və beynəlxalq çağırışlar barədə ətraflı məlumat verən şöbə müdiri qeyd etdi ki, fərdi məlumatlar İnternetin yeni nefti və rəqəmsal dünyanın yeni valyutasıdır. Məruzəçi rəqəmsal identiklik, digər şəxslər və təşkilatlarla münasibətlər, real-dünya və onlayn kontekst, fəaliyyət, maraqlar və davranış, kommunikasiya məlumatları və loqlar, mediada yaradılan və paylaşılan məlumatlar, eləcə də maliyyə, sağlamlıq, institusional məlumatlar kimi fərdi məlumatların tiplərindən, “könüllü”, “müşahidə olunan”, “çıxarılan” fərdi məlumat mənbələrindən danışdı. Qeyd etdi ki, reyestrlərdə toplanan məlumatlar ayrılıqda analiz edildikdə açıqdır.
Ramiz Alıquliyevin sözlərinə görə, fərdi məlumatların analizi əsasında fərdin iqtisadi vəziyyəti, fərdin necə vergi ödəyicisi olduğu, ölkənin intellektual potensialı, xəstəliklərin ölkə üzrə coğrafi xəritəsi, təhsilin və elmin trendləri, ölkənin təhsil səviyyəsi, demoqrafik proseslər qiymətləndirilir, rəsmi statistik məlumatlarla real məlumatların uyğunluğu müəyyən edilir: “Analizin nəticəsi olaraq hər bir fərd haqqında, o cümlədən ölkə haqqında dolğun informasiya əldə oluna bilər. Ən böyük təhlükə analizin nəticəsində əldə olunan məlumatlardır. Analiz nəticəsində fərd tam identifikasiya olunur”.
Şöbə müdiri fərdi məlumatlar əsasında sosial kapitalın hesablanmasından bəhs edərək bildirdi ki, fərdi məlumatlar əlçatan olarsa, bu kimi analizləri xarici dövlətlər aparıb ölkənin sosial vəziyyətini qiymətləndirmək imkanı əldə edə bilərlər. O, 2009-cu il ilə müqayisədə 2020-ci ildə rəqəmsal məlumatların həcminin 44 dəfə çox olacağını qeyd etdi.
Məruzəçi normativ-hüquqi bazanın müasir tələblərə uyğunlaşdırılmasının, böyük verilənlərin analizi sahəsində təqdiqatların prioritet istiqamət elan edilməsinin vacib olduğunu bildirdi. Qeyd etdi ki, təhsilin bütün səviyyələrində Data Science sahəsində kadr hazırlığına başlanılması, eləcə də süni intellekt və maşın təlimi texnologiyalarının müxtəlif istiqamətləri, xüsusilə, qeyr-səlis məntiq, dərin təlim və s. sahələrində kadr hazırlığının artırılması, fərdi məlumatların təhlükəsizliyi sahəsində multidssiplinar tədqiqatların aparılması zəruridir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.