AMEA İnformasiya Texnologiyaları İnstitutunun 13 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi.
İnstitutun elmi işçisi Günay İskəndərli “Mövzu modelləşdirmə mövzusunda təklif edilmiş metodun eksperimental yolla yoxlanılması” adlı məruzə ilə çıxış edərək diqqətə çatdırdı ki, mövzu modelləşdirmə alqoritmləri sənədlər üçün generativ bir modeldir.
İnstitutun elmi işçisi qeyd etdi ki, burada bütün sənədlərə mövzular qarışığı kimi baxılır və hər mövzu sözlərin onlar üzərində ehtimal paylanması vasitəsilə təyin olunur.
Məruzəçi e-dövlətdə mövzu modelləşdirmənin tətbiqi, sənədlərin daxil edilməsi, təmizlənməsi, sənədlərdən terminlərin çıxarılması və sinonimlərin tapılması, sözlər arasında semantik yaxınlığın tapılması məsələlərindən danışdı.
Mövzu modelləşdirmə və klasterləşmə alqoritmlərinin köməyilə e-dövlətdə vətəndaş şərhlərinin analizi üçün yanaşma təklif edən məruzəçi, əsas məqsədin şərhlərin (sənədlərin) vektor şəklində yazılışını təkmilləşdirərək klasterləşmə alqoritminin işləmə effektivliyinin və mövzu modelləşdirmə alqoritminin dəqiqliyinin artırılmasından ibarət olduğunu diqqətə çatdırdı.
Onun fikrincə, sənədə daxil olan 2 müxtəlif söz yazılışları fərqli olduğundan onları qruplaşdıran zaman müxtəlif qruplara düşə bilərlər. Bu isə qrupların sayının artmasına, qeyri-dəqiqliyin yaranmasına səbəb ola bilər. Bu kimi halların qarşısını almaq üçün sənədləri klasterləşdirməzdən əvvəl vektora daxil olan sözlərin bir-birinə semantik yaxınlığı tapılır. Daha sonra bu sinonimlərdən yalnız biri saxlanılır, digərlərinə baxılmır. Beləcə vektorun ölçüsü azalır. Sənədləri vektor şəklində təsvir etdikdən sonra K-means alqoritmi vasitəsilə sənədlər klasterləşdirilir. Daha sonra klasterlərə GDP tətbiq olunaraq klaster topikləri müəyyən olunur.
Şöbə müdiri, AMEA-nın müxbir üzvi Ramiz Alıquliyev mövzu ilə bağlı gənc tədqiqatçıya tövsiyə və tapşırıqlarını verdi. Daha sonra məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.