AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin bugün keçirilən növbəti elmi seminarında “Texnologiya parklarının planlaşdırma və inkişafı siyasəti: texnologiyanın transferi və kommersiyalaşdırılması” mövsuzunda məruzə dinlənildi. Məruzəni təqdim edən AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi Turqut Yasin 24 iyul - 15 avqust 2019-cu il tarixlərində Cənubi Koreya Respublikasının Elm və Texnologiya Siyasəti İnstitutunda keçirilən beynəlxalq təlim proqramında iştirak etdiyini xatırlatdı.
Vurğuladı ki, “CİAT” təqaüdü əsasında “KOİCA” tərəfindən dəstəklənən təlim proqramı çərçivəsində Cənubi Koreyanın nüfuzlu texnologiya parkları və institutlarına səfərlər, bu ölkənin tarixi və mədəniyyəti ilə tanışlıq oldu.
T.Yasin öncə Cənubi Koreya Respublikasının ərazisi, paytaxtı, dili, pul vahidi, insanlarının geyimi, yaşayış tərzləri, mətbəxi barədə ümumi məlumat verdi. Koreyanın inkişaf sirri, milli innovasiya sistemi və UİR şəbəkəsi, son 60 ildə ölkə iqtisadiyyatının, eləcə də elm və texnologiyasının inkişaf göstəriciləri haqqında danışdı. Məruzəçi bu ölkənin təcrübəsi əsasında texnologiya kommersiyalaşdırılması, texnologiya transferi, marketinqi və qiymətləndirilməsi, intellektual əmlakın idarə edilməsi, startaplara dəstək proqramlarının menecmenti mövzularına toxundu.
BMT-nin e-dövlətin inkişafına dair 2010, 2012 və 2014-cü illər üzrə hesabatlarına əsasən “e-government development index”ə görə C.Koreya ardıcıl olaraq 1-ci yerdə qərarlaşıb. Sonuncu - 2016-cı il üzrə hesabatda İnsan kapitalı indeksinə (human capital index) görə 12 pillə geriliyərək Böyük Britaniya və Avstraliyadan sonra 3-cü yerdə qərarlaşıb. İnsan kapiltalı indeksində gerilik insanların kolleclərə qəbuldan çox, işləməyə üstünlük verməsi, karyera seçimində isə, təhsildən daha çox bacarıqlara və maraqlara üstünlük verilməsi ilə əlaqələndirilib. Qeyd etmək lazımdır ki, insan kapitalı indeksində gerilik müşahidə olunsa da, digər göstəricilərə görə Cənubi Koreya lider olaraq qalmaqdadır.
T.Yasin Koreyanın e-dövlət inkişaf yolu, e-dövlətin inkişafı üçün prioritetlər, əsas uğur amilləri, hüquqi çərçivənin təmin edilməsi, kütləvi İKT potensialının artırılması barədə məlumatlar verdi.
Seminarda Cənubi Koreyanın “e-dövlət - 2020” strategiyasından da danışıldı. C.Koreyanın “e-dövlət - 2020” strategiyası qabaqcıl texnologiyanın tətbiqi ilə vətəndaş mərkəzli e-dövlət xidmətlərinin göstərilməsinə hədəflənmişdir. Məruzəçi diqqətə çatdırıb ki, təqdim olunan tədqiqatın əsas məqsədi Azərbaycanda e-dövlət layihələrinin inkişaf səviyyəsini təhlil etmək, eyni zamanda e-dövlət xidmətlərinin qiymətləndirməsi meyarlarını və vətəndaş məmnuniyyətini müəyyənləşdirməkdir. Vurğulandı ki, vətəndaşların e-dövlət xidmətlərindən geniş istifadəsi, əks əlaqə vasitələrinin olması vətəndaş məmnuniyyəti səviyyəsinin artmasında böyük rol oynayır. E-xidmətlərdən istifadə səviyyəsi vətəndaşların məmnuniyyət göstəricisi hesab oluna bilər.
Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.