“Elektron dövlət quruculuğu və vətəndaş məmnuniyyəti” mövzusunda elmi seminar keçirilib

05 Noyabr 2019 - 15:18 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, şöbə müdiri, akademik Rasim Əliquliyev seminarın “Elektron dövlət quruculuğu və vətəndaş məmnuniyyəti” mövzusuna həsr olunduğunu bildirdi. Daha sonra mövzu barədə institutun magistrantı Aysən Fərəcova çıxış etdi.

A.Fərəcova məruzəni təqdim edərək Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf  Təşkilatı, Dünya Bankı kimi müxtəlif e-dövlət yanaşmalarını diqqətə çatdırdı. Burada şəffaflığın artırılması, vətəndaş mərkəzli xidmətlərin göstərilməsi, korrupsiya hallarının azaldılması, operativ xidmətlərin göstərilməsi, gəlirlərin artırılması, xərclərin azaldılması məsələlərinə də toxunuldu.

Məruzəçi BMT-nin E-Gov İnkişaf İndeksindən (EGDİ) bəhs etdi. BMT E-Gov İnkişaf İndeksinə milli veb-sayt, e-gov siyasəti, e-gov strategiyalarının qiymətləndirilməsi, onlayn xidmətlərin təmin edilməsi, telekommunikasiya əlaqəliliyi, insan kapitalı, müqayisəli təhlil çərçivəsi daxildir. 

Seminarda e-iştirakçılıq indeksindən də danışılıb. E-iştirakçılıq çərçivəsində vətəndaşların ictimai informasiya və ona çıxışın təmin edilməsi ilə iştirakına imkan yaradılması, vətəndaşların ictimai siyasət  və xidmətlərə töhfə verməsi  və müzakirə edilməsində iştirakının təmin edilməsi, siyasət seçiminin birgə  dizaynı və xidmət  komponentlərinin, çatdırılma üsullarının birgə  yaradılması ilə vətəndaşların  səlahiyyətləndirilməsi aiddir. E-dövlətin inkişaf indeksi və e-iştirak indeksinə görə 2016-cı il üzrə ən yüksək göstərici Birləşmiş Krallığa, 2018-ci ildə e-dövlətin inkişaf indeksinə görə Danimarkaya, e-iştirak indeksinə görə isə Cənubi Koreya Respublikasına məxsus olub.

A.Fərəcova BMT-nin e-dövlət inkişaf indeksi üzrə Cənubi Koreya Respublikasını nümunə göstərdi. O, Koreyanın ODA siyasətindən də bəhs etdi. ODA Dövlət Yardımı-İqtisadi İnkişaf və Rifahın Təşviqi siyasətidir. ODA-nın əsas şərtləri yardım alıcısı və resursların axını siyasətidir. Koreyaya beynəlxalq ictimaiyyətdən 1945-2000-ci illərdə edilən yardım 12.8 milyard ABŞ dolları təşkil edir. Burada əsas donorlar ABŞ, Yaponiya, Almaniya, Beynəlxalq İnkişaf Assossasiyası (IDA-WB) və BMT-dir.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.