“Google” və “Jigsaw” şirkətləri insan sifətinin dəyişdirilməsi alqoritmləri vasitəsilə yaradılmış, üç mindən çox videoçarxdan ibarət “dataset” (məlumatların toplandığı yer) toplayıblar. Tədqiqatçılar yaradılmış çarxları (modifikasiya olunmuş və orijinal) sifətin dəyişdirilməsinə həsr edilmiş digər böyük layihəyə əlavə ediblər.
Şəkillər üzərində iş zamanı maşın təlimindən istifadə sahəsində son bir neçə il ərzində böyük irəliləyiş əldə olunub. Belə ki, alimlər saxta videoların yaradılması üçün alqoritmlər hazırlayıblar. Bu alqoritmlər 2017-ci ildə “Reddit” sosial xəbər saytının “deepfakes” (insanın şəklinin süni intellektə əsaslanan sintezi metodikası) ləqəbli istifadəçisi tərəfindən videodakı şəxslərin sifətlərinin məşhur aktrisaların üzləri ilə əvəz edildiyi çarxlar yayımlandıqdan sonra kütləvi şöhrət qazanıblar. Bu səbəbdən bu kimi çarxlar “deepfake”lər adlandırılmağa başlayıb.
Sonralar böyük İnternet-platformalar bu kimi çarxları yayımlamağı qadağan ediblər. Lakin istehsalçılar “deepfake”lərin yaradılması alqoritmlərini təkmilləşdirdiyinə görə onların müəyyən olunması getdikcə daha da çətinləşir.
nanonewsnet.ru saytının məlumatına görə, “Google” və “Jigsaw” (hər iki şirkət “Alphabet” holdinqinə məxsusdur) artıq mövcud olan “FaceForensics++” layihəsini genişləndirərək “deepfake”lərin tanınması üçün alqoritmlərin təkmilləşdirilməsinə kömək etməyə qərar veriblər.
Yeni “Deep Fake Detection Dataset” istehsalçıların layihə üçün xüsusi olaraq çəkdikləri 363 çarx əsasında hazırlanıb. Bu çarxlar vasitəsilə onlar könüllülərin üzlərinin digər şəxslərlə əvəz edildiyi 3068 yeni çarx yaradıblar: çarxların hazırlanması üçün hamı üçün əlçatan olan “Deepfakes”, “Face2Face”, “FaceSwap” və “NeuralTextures” alqoritmləri istifadə olunub. İstehsalçılar qeyd edirlər ki, gələcəkdə “dataset”i daha da genişləndirəcəklər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.