AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin 2019-cu ilin birinci yarısı üzrə hesabatı dinlənildi. Hesabatı təqdim edən fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov yarım il ərzində rəhbərlik etdiyi şöbədə yerinə yetirilən elmi-tədqiqat işləri haqqında məlumat verdi.
T.Kazımov cari ildə şöbədə proqram mühəndisliyinin nəzəri əsasları və proqram sistemlərinin keyfiyyət göstəricilərinin araşdırılması istiqamətində “Soft Computing texnologiyaları əsasında proqram təminatının səmərəliyinin artırılması üçün metod və modellərin işlənilməsi” mövzusu üzrə araşdırmaların aparıldığını bildirdi. Qeyd etdi ki, bu məqsədlə Soft Computing texnologiyaları əsasında proqram təminatının səmərəliyinin artırılması metodları araşdırılmış, Soft Computing-ə aid komponentlər təhlil olunmuş, onların proqram təminatında istifadə edilməsi, üstün cəhətləri və problemləri araşdırılmış və tövsiyələr verilmişdir. Həmçinin TOPSİS metodundan istifadə etməklə proqram təminatının səmərəliyinin artırılması və idarəolunmasının optimallaşdırılması üçün alqoritm işlənilmiş və biomimetika texnologiyaları araşdırılmışdır.
O, “Proqram təminatının etibarlılığının artırılması üçün metod və modelin işlənilməsi” mövzusu üzrə aparılan tədqiqatlardan bəhs edərək bildirdi ki, bu istiqamətdə proqram təminatını işləyən komandanın işinin səmərəliyinin qiymətləndirilmə metrikası işlənilmiş, proqram təminatının etibarlılığının artırılması üçün mövcud Soft Computing metodları təhlil edilmişdir.
Şöbə müdiri proqram təminatının sınaq metodlarının araşdırılması və müqayisəli təhlili üzrə tədqiqatların davam etdirildiyini, proqram təminatının həyat dövrünün model və mərhələləri, tələblərin toplanması, müşayiət edilməsi, onun kateqoriyaları, mərhələləri, modelləri və problemlərinin araşdırıldığını diqqətə çatdırdı.
T.Kazımov “İnformasiya təhlükəsizliyinin təmin olunması” problemi üzrə aparılmış tədqiqatlardan söz açdı. Bu problem üzrə “İntellektual texnologiyaların tətbiqi ilə uşaqların İnternetdə qorunması metodlarının işlənilməsi” mövzusunda tədqiqatların aparıldığını nəzərə çatdırdı. Onun sözlərinə görə, İnternetdə uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə ziyanlı informasiyanın qarşısının alınması üçün konseptual model təklif olunmuş, İnternetdə uşaq və yeniyetmələrin uyğun olmayan şəkillərdən qorunması məqsədilə şəkillərin sanitarizasiyanı həyata keçirən yeni metod işlənmiş, eləcə də müvafiq qanunvericilik aktlarından irəli gələn texnoloji vəzifələr müəyyənləşdirilmişdir.
Şöbə müdiri, həmçinin qeyd etdi ki, “Biometrik texnologiyaların araşdırılması” problemi üzrə “İnsanın əl damarlarının izləri əsasında tanınması üçün metod və alqoritmlərin işlənilməsi” mövzusuna dair insanın əl damarlarının izlərinin skelet şəklinin alınması üçün alqoritm və proqram təminatı işlənilmişdir.
T.Kazımov şöbənin elmi-innovasiya fəaliyyətindən söz açaraq “Kadrlar İnformasiya Sistemi”nin yeni versiyasının hazırlanaraq istismara verildiyini, sistemə dair təlimatın tərtib olunduğunu vurğuladı, həmçinin müxtəlif jurnallardan daxil olan bir sıra məqalələrə rəy verildiyini diqqətə çatdırdı.
Şöbə müdiri beynəlxalq və respublika səviyyəli konfranslarda iştirak, AR Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunmuş beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, şöbənin elmmetrik göstəriciləri, elmi-praktiki nəticələrin КİV-də təbliği ilə bağlı görülmüş işlər barədə də məlumat verdi. Qeyd etdi ki, hesabat dövründə şöbə əməkdaşları tərəfindən nüfuzlu jurnallarda 12 məqalə nəşr olunmuş, 7 konfrans və ya seminarda məruzə ilə çıxış edilmişdir. Bununla yanaşı, cari ildə “Proqramlaşdırmanın elmi-texnoloji əsasları” mövzusu üzrə ekspress-informasiyanın nəşr olunmuşdur.
T.Kazımov beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı istiqamətində görülən işlərdən danışdı, Rusiya, Çin, Türkiyə, Qazaxıstan və Ukraynanın bir sıra elmi mərkəzləri və universitetləri, eləcə də, dünyanın nüfuzlu elmi jurnalları, assosiasiyaları və portalları ilə əməkdaşlıq əlaqələrinin davam etdirildiyini nəzərə çatdırdı.
Sonra AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirdi. Akademik şöbənin fəaliyyət istiqamətinə uyğun olaraq aparılan tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə etdi.
Sonda müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.