İKT-nin tətbiqi ilə fərdlərin Azərbaycan dili biliklərinin qiymətləndirilməsinə dair yanaşmalar təhlil olunub

27 İyun 2019 - 13:00 | Konfranslar, İclaslar

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda 12 saylı şöbənin növbəti elmi seminarı keçirildi. Seminarda öncə şöbənin əməkdaşı Pirdas Muradova “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə fərdlərin Azərbaycan dili biliklərinin qiymətləndirilməsinə dair bəzi yanaşmalar” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycan dilinin tədrisində və təbliğində İKT-nin rolu, dil biliklərinin öyrənilməsi və qiymətləndirilməsində Avropa təcrübəsi haqqında məlumat verdi.

Müasir dövrdə dilin bütün qaydalarına uyğun dil biliklərinə yiyələnməyin vacib məsələlərdən olduğunu bildirən məruzəçi qeyd etdi ki, dilin yazılı və şifahi formasından istifadə zamanı yaranan problemlərin əsasında dilin düzgün tədris olunmaması və dil biliklərinin düzgün qiymətləndirilməməsi məsələləri dayanır.

Azərbaycan dili biliklərinin qiymətləndirilməsinin səviyyələr üzrə klasifikasiya olunmasının əhəmiyyətindən danışan P.Muradova dil biliklərinin qiymətləndirilməsinin dövlət səviyyəsində təşkilinin zəruriliyini diqqətə çatdırdı. O, həmçinin dil biliklərinin qiymətləndirilməsinin səviyyələr üzrə bölgüsünü təqdim etdi.

Dilin tədrisi üçün audio-video dərsliklərin, elektron kitabların, proqramların hazırlanması, əcnəbilərin əlçatanlığını asanlaşdırmaq üçün dil ilə bağlı elektron bazaların yaradılması istiqamətində işlərin həyata keçirilməsinin vacibliyindən söz açan məruzəçi Azərbaycan dili ilə bağlı bütün məsələlərin öz əksini tapdığı Azərbaycan dili platformasının yaradılmasını təklif etdi, burada fərdlərin qeydiyyatdan keçərək öz Azərbaycan dili portfoliolarını yarada bilmək imkanının təşkil olunmasının mümkünlüyünü ifadə etdi.

Məruzəçinin sözlərinə görə, 1970-ci illərdə Avropa Şurasının dəstəyi ilə dil biliklərinin səviyyələr üzrə araşdırılmasına təkan verilmiş, 1991-ci ilin noyabrında İsveçrədə Avropa Şurası tərəfindən simpozium keçirilmiş və burada dillərin qiymətləndirilməsi üçün istifadə olunan universal çərçivə – “Ümumavropa dilləri üçün ortaq çərçivə proqramı” (CEFR – Common European Framework of References for languages) ideyası təklif olunmuş, sonralar isə dil bilik və bacarıqların səviyyəsini ölçən sistemləşdirilimiş şkala yaradılmışdır.

P.Muradova qeyd etdi ki, CEFR müxtəlif dillərin tədrisi, dərsliklərin və əlavə dərs vəsaitlərinin, dilləri dəstəkləyən proqramların inkişafını, eləcə də dil biliklərin qiymətləndirilməsi üçün alətlər və resurslarla təmin edən çərçivə proqramıdır. Bu sistem Avropada dil mütəxəssislərini təhsil proqramları, tədris planları, testlər, dərsliklərin və s. lahiyələndirilməsi və təkmilləşdirilməsi üçün ümumi baza ilə təmin etmək, Avropada ünsiyyət zamanı maneələrin aradan qaldırılmasına kömək etmək, dilin tədrisi kontentini inkişaf etdirmək və yeniləmək, öyrənmə prosesinin hər bir mərhələsində dil öyrənənin irəliləyişini müəyyənləşdirmək üçün bilik səviyyəsini yoxlamaq məqsədi daşıyır.

Sonda məruzəçi Azərbaycan dilinin beynəlxalq aləmdə tanıdılması üçün xarici vətəndaşlara dilin tədrisinin təşkili, beynəlxalq təcrübənin Azərbaycan dilinə uyğunlaşdırılmaqla tətbiqi üçün təkliflərini səsləndirdi. Bildirdi ki, bu məqsədlə Azərbaycan dilinin xarici dil kimi tədrisi üçün tədris planı və bu plana əsaslanan dərsliklər və əlavə dərs vəsaitləri hazırlanmalı, beynəlxalq standartlara əsaslanan yeni qiymətləndirmə meyarları işlənməli, vahid Azərbaycan dili üzrə səviyyə imtahanı keçirilməli, qeyd olunan təkliflərin reallaşdırılması üçün İKT-nin imkanlarından geniş istifadə edilməlidir.

Daha sonra şöbənin əməkdaşı Nərgiz Abdullayeva “Google Scholar”dan istifadə qaydaları haqqında məruzə ilə çıxış etdi. Bildirdi ki, “Google Scholar” elmi ədəbiyyatların bir sıra nəşr formalarının sərbəst şəkildə əldə edildiyi veb-axtarış platformasıdır. Platformanın yaranma tarixindən bəhs edən məruzəçi onun 20 noyabr 2004-cü il tarixində “Google” şirkəti tərəfindən yaradıldığını dedi.

O, “Google Scholar”da axtarış zamanı ilk çıxan nəticələrin ən çox istinad almış elmi əsərlər olduğunu bildirdi, müəllif profilləri haqqında məlumat verdi. O, həmçinin bu platformanın çatışmazlıqlarından söz açdı, “Google Scholar”ın istinad məlumatlarının digər ümumi verilənlər bazalarına (Scopus, WoS) nisbətən qeyri kafi olması və daha az yenilənməsinin bu platformanın mənfi cəhətlərindən olduğunu diqqətə çatdırdı.

Məruzələr ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.