Elektron dövlət mühitində sosial münasibətlərin aşkarlanması metodları tədqiq olunub

30 Yanvar 2019 - 10:21 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, şöbə müdiri, akademik Rasim Əliquliyev bu kimi seminarların mütəmadi olaraq keçirilməsinin elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılması baxımından zəruriliyini vurğuladı.

Sonra institutun baş mütəxəssisi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova “Elektron dövlət mühitində sosial münasibətlərin aşkarlanması metodları” mövzusunda məruzəni təqdim edərək problemin aktuallığı və tədqiqatın məqsədi haqqında məlumat verdi. Bildirdi ki, e-dövlətin idarə olunmasında, biznes, maliyyə, dövlət təhlükəsizliyi, cinayətkarların aşkarlanması və s. məsələlərin həllində insanlar arasındakı münasibətlər vacib faktordur. İ.Ələkbərovanın sözlərinə görə, münasibətləri tədqiq edən müxtəlif metod və nəzəriyyələr mövcud olsa da, bu sahədə tədqiqatlar hələ də davam etdirilir.

Məruzəçi münasibətlərin tədqiqi ilə məşğul olan Jakob Moreno, Robin Danbar, Mark Granovetter kimi alimlərin elmi işləri və bu sahədə əldə etdikləri nailiyyətlərdən danışdı. Bildirdi ki, fərdlər arasında münasibətlər çox mürəkkəb struktura malikdir və bu münasibətləri ölçmək üçün, ilk növbədə, münasibətləri əks etdirən informasiya mənbələri müəyyən olunmalı, münasibətlər modeli, əhatə dairəsi, dərinliyi, təsiri və zamanı kimi faktorlar nəzərə alınmaqla qurulmalıdır.

İ.Ələkbərova qeyd etdi ki, münasibətlərin təsnifatlandırılması onların analizində ilkin mərhələ hesab oluna bilər: “Münasibətlərin təsnifatlandırılması uyğun xətalar əsasında onların şəbəkəyə aid olub-olmamasını da müəyyən edir. Burada məsafə matrisası, dayaq vektorları, k–yaxın qonşu metodları və s. istifadə oluna bilər.  Sonrakı mərhələ fərdlərin klasterləşdirilməsi və ranqlaşdırılmasıdır ki, bu tədqiqatlar fərdlər arasından liderlərin müəyyən olunması və onları xüsusiyyətlərinə təsir edən faktorların aşkarlanmasına yardım edə bilər”.

Məruzəçi münasibətlər modelini qurmaq üçün qraflar nəzəriyyəsindən istifadə olunmasının əhəmiyyətindən danışdı və sosial münasibətlərin analizində əsas ölçü metrikaları kimi münasibətlərin istiqaməti, gücü, qrafın sıxlığı, aktorların çəkisi, aktivliyi haqqında məlumat verdi. O, sosial münasibətlərin analizində istifadə olunan bəzi mövcud yanaşmalardan (Erdeş–Renyi modeli, Bernulli paylanması, Bayes şəbəkəsi və s.) söz açaraq bildirdi ki, bu modellərdən istifadə e-dövlət mühitində insanların davranışlarının proqnozlaşdırılmasında, cəmiyyətin səmərəli idarə olunması ilə əlaqədar qərarların qəbulunda istifadə oluna bilər.

Akademik Rasim Əliquliyev çıxış edərək məsələnin aktuallığından danışdı: “Hər bir dövlətdə cəmiyyətdəki münasibətlərin özünəməxsus strukturu mövcuddur və cəmiyyət bu münasibətlər çoxluğundan asılıdır. Cəmiyyətdəki münasibətləri aşkarlamaq üçün əvvəlcə cəmiyyətin özü analiz olunmalıdır. Münasibətlərin təsnifatlandırılması, vətəndaşlar arasında sosial əlaqələrin xüsusiyyətinin öyrənilməsi vacibdir”.  

Alim qeyd etdi ki, çox sayda münasibətlərdən təşkil olunan cəmiyyətdəki münasibətlər bir çox hallarda kəsişirlər. Akademik onların səlis və qeyri-səlis münasibətlər olmaqla fərqləndiyini qeyd edərək bu məqsədlə ayrı-ayrı münasibətlər bazasının yaradılmasının əhəmiyyətindən danışdı.

Şöbə müdiri bu istiqamətdə araşdırmaların cəmiyyətin modelinin yaradılmasında əsas şərtlərdən olduğunu vurğuladı, cəmiyyətin idarə olunması məsələlərinin dərindən öyrənilməsini, e-demoqrafiya üzrə tədqiqatların genişlənməsini tövsiyə etdi və sosial sintez məsələləri – sosial münasibətlərin qurulması məsələsinin həllinin vacibliyindən danışdı. Bildirdi ki, tədqiqatın növbəti mərhələsi sosial münasibətlər sistemi və onların təsnifatlandırılmasıdır. Akademik elmi fəaliyyətin sürətləndirilməsini və müzakirə olunan məsələlərlə bağlı məqalələrin hazırlanmasını tövsiyə etdi.

Daha sonra şöbənin əməkdaşları, doktorant, dissertant və magistrantların elmi fəaliyyətləri ilə bağlı 2019-cu ildə görüləcək işlər müzakirə olundu. Akademik R.Əliquliyev elmi tədqiqatlarla əlaqədar müəyyən tövsiyələr verdi, bu sahədə mövcud problemlər və perspektivlərin dəqiqləşdirilməsinin vacib olduğunu bildirdi. Hər bir əməkdaşın tədqiqat istiqamətinin aktual məsələlərin həllinə həsr olunduğunu deyən akademik qeyd etdi ki, şöbənin illik fəaliyyət planı üzrə qarşıya qoyulmuş vəzifələr ardıcıl olaraq həyata keçirilməli, elmi araşdırmaların nəticəsi kimi məqalələr nəşr olunmalı və bu istiqamətdə gənc kadrlara dəstək göstərilməlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.