AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarının növbəti iclası keçirildi. Tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova gündəlikdə duran məsələlər haqqında məlumat verdi. Seminarın institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyevin texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə yerinə yetirdiyi dissertasiya işinin müzakirəsinə həsr olunduğunu bildirdi.
Sonra dosent Y.İmamverdiyev “E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi metodları və modelləri” mövzusunda dissertasiya işini təqdim edərək onun giriş, 7 fəsil, nəticə, 620 adda ədəbiyyat siyahısından ibarət olduğunu bildirdi. Qeyd etdi ki, mövzu üzrə 35 elmi iş, o cümlədən 23 məqalə, 12 konfrans materialı çap olunmuşdur.
Məruzəçi işin aktuallığı, məqsədi, qarşıya qoyulmuş məsələləri, əsas müddəaları və elmi yenilikləri diqqətə çatdırdı, dissertasiya işinin məzmununu fəsillər üzrə təqdim etdi. Bildirdi ki, dissertasiya işinin məqsədi e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsinin elmi-nəzəri və metodoloji əsaslarının inkişafı və təkmilləşdirilməsi üçün metod və modellərin işlənməsidir.
O, dissertasiya işində əldə olunmuş nəticələri təqdim etdi. Tədqiqat işində e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi problemlərinin müasir vəziyyəti analiz və tədqiq edilərək bu sahədə aktual multidistiplinar elmi-nəzəri və elmi-praktiki problemlərin müəyyən edildiyini, bu sahə üzrə konseptual model və e-dövlətin informasiya təhlükəsizliyi sisteminin konseptual arxitekturasının təklif edildiyini, informasiya sahəsində milli maraqlara strateji risklərin konsensus ranqlaşdırılması metodu, qarşılıqlı asılı informasiya infrastrukturlarında risklərin qiymətləndirilməsi metodu və İnternet infrastrukturunun dayanıqlığının qiymətləndirilməsi modellərinin təklif edildiyini söylədi. Qeyd etdi ki, e-dövlətin biometrik identifikasiya sistemi üçün biometrik sistemlərdə etibarlılıq və oxşarlıq qiymətlərinin aqreqasiyası metodu işlənmiş, barmaq izlərinin həqiqiliyinin aşkarlanması metodu təklif edilmiş və barmaq izləri əsasında biometrik kriptosistemlərin sintezi metodu işlənmişdir. Həmçinin DDoS hücumların dərin təlim yanaşması əsasında aşkarlanması metodu işlənmiş, insidentlərin çoxmeyarlı prioritetləşdirilməsi metodu və insidentlərin emalı üzrə işlərin optimal planlaşdırılması metodu təklif edilmişdir.
Bununla yanaşı, e-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi sistemində koordinasiya səviyyəsinin qiymətləndirilməsi modeli, informasiya təhlükəsizliyinin ikisəviyyəli iyerarxik idarəetmə sistemində investisiyaların koordinasiyası modeli işlənmiş, beynəlxalq koalisiya modeli, eləcə də, e-dövlətin informasiya təhlükəsizliyinin strateji idarə edilməsi üçün qeyri-səlis koqnitiv model, kiber-müdafiə taktikasının seçilməsi üçün hiperoyun modeli və operativ idarəetmə üçün situasiya idarəetməsi modeli təklif edilmişdir.
Məruzəçi işdə e-xidmətlərdə informasiya təhlükəsizliyi səviyyəsinin qiymətləndirilməsi metodu, kompozit kibertəhlükəsizlik indekslərdə çəkilərin qiymətləndirilməsi metodu və e-dövlətin informasiya təhlükəsizliyinə vətəndaş etimadının qiymətlədirilməsi modelinin işlənildiyini də diqqətə çatdırdı.
Daha sonra dissertasiya işinə dair suallar cavablandırıldı. Müzakirələrdə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, institutun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev iştirak edərək sual və təkliflərini səsləndirdilər.
Dissertasiya işinə dair elmi məsləhətçi – AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək işin aktual problemlərin həllinə həsr olunduğunu nəzərə çatdırdı. Qeyd etdi ki, milli təhlükəsizliyin vacib komponentlərindən olan informasiya təhlükəsizliyi dövlətin informasiya sahəsində suverenliyinin təmin edilməsinə xidmət edir. R.Əliquliyev bildirdi ki, informasiya təhlükəsizliyinin etibarlı təmin edilməsi dövlət siyasətinin prioritetlərindən biridir və bu sahədə əlaqədar dövlət qurumları qarşısında elmi və praktiki xarakterli bir sıra mühüm vəzifələr qoyulmuşdur. “E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi sisteminin yaradılması müvafiq elmi-metodoloji və konseptual əsasların işlənməsini tələb edir”, – deyən alim bu baxımdan dissertasiya işinin əhəmiyyətini vurğuladı.
Akademik R.Əliquliyev Y.İmamverdiyevin yerinə yetirdiyi tədqiqat işinin tamamlanmış elmi iş olduğunu, onun həm nəzəri və həm də praktiki baxımdan elmi maraq doğurduğunu, elmi yeniliyə və praktiki əhəmiyyətə malik olduğunu bildirdi. Alim işin yüksək elmi səviyyədə yerinə yetirildiyini, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə doktorluq dissertasiyalarına irəli sürdüyü tələblərə tam cavab verdiyini və Y.İmamverdiyevin dissertasiya işinin müdafiəyə tövsiyə olunmasının dəstəklənməsini söylədi.
Dissertasiya işinə dair təyin olunan resenzentlər – texnika elmləri doktorları, professorlar Məhəmməd Əhmədov, Bayram İbrahimov və Səlahəddin Yusifovun rəyləri dinlənildi. Qeyd olundu ki, dissertasiya işində əsaslı tədqiqatlar aparılmış, qarşıya qoyulmuş məsələlər həll olunmuşdur. Alimlər tədqiqatın AAK tərəfindən texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini qeyd etdilər, irad və təkliflərini səsləndirdilər.
Sonra dissertasiya işinə dair çıxış edən dosent Rəşid Ələkbərov, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev və dosent Şəfəqət Mahmudova dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün əsaslı tədqiqat aparıldığını, əhəmiyyətli elmi nəticələrin əldə edildiyini bildirdilər.
Daha sonra səsvermə keçirildi və dissertasiya işinin yekdilliklə növbəti mərhələyə keçirilməsi tövsiyə olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.