Veb-resursların qiymətləndirilməsi milli təhlükəsizliyin əsas komponentlərindəndir

02 İyul 2018 - 16:07 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 16 saylı şöbəsinin “ccTLD domen zonasında fəaliyyət göstərən veb-resursların göstəricilərinin qiymətləndirilməsi milli təhlükəsizliyin əsas komponenti kimi” mövzusuna həsr olunmuş növbəti elmi seminarı keçirildi.

Məruzəni təqdim edən institutun dissertantı Yusif Sadıyev ccTLD domen zonasında fəaliyyət göstərən veb-resursların analitikası, e-dövlətin veb-infrastrukturunun formalaşması prosesi və veb-resursların analitikası, veb-infrastrukturun analitikası, Milli Statistika Sistemi və s. haqqında ətraflı məlumat verdi.

“Yüksək səviyyəli domen zonasında veb-resursların analitikası ölkənin milli təhlükəsizliyinin vacib komponenti olan informasiya təhlükəsizliyinin əsasını təşkil edir”, – deyə bildirən məruzəçi qeyd etdi ki, analitika e-dövlət vasitəsilə vətəndaşların onlayn mühitdə əlaqələrinin analizini aparmağa imkan verir.

O, veb-resursların analitikasının əsas istiqamətlərinə istifadəçi davranışı və profilləri, veb-resursa müraciətlərin sayı, istifadəçi tərəfindən axtarılan açar sözlər, ziyarətçilərin coğrafiyası, istifadəçilərin veb-resursdan istifadə müddəti, səhifələrarası keçidin aid edildiyini söylədi.

E-dövlətin veb-infrastrukturunun dövlət sektorunda fəaliyyət göstərən hər bir qurumun veb-resursu əsasında formalaşdığını bildirən Y.Sadıyev qeyd etdi ki, formalaşmış veb-infrastruktur əsasında qurumlarla vətəndaşlar arasında onlayn interaktiv əlaqə yaranır.

Məruzəçinin sözlərinə görə, Milli Statistika Sisteminin əsas vəzifəsi e-dövlət və istifadəçilər arasında əks-əlaqəni təmin etmək və toplanmış bütün məlumatları arxivləşdirərək statistik mexanizmlərin tətbiqi ilə proqnozlar verməkdən ibarətdir. Bu sistem ölkənin milli maraqlarına uyğun qurulur və bütün analitika prosesi orada öz əksini tapır.

Milli informasiya təhlükəsizliyinin  milli veb-antispam sistemi, Milli Statistika Sistemi və digər alt sistemlərdən ibarət olduğunu diqqətə çatdıran Y.Sadıyev veb-resursların analitikası ilə məşğul olan platformalar barədə də məlumat verdi. Qeyd etdi ki, milli statistika sistemi mövcud olmayan ölkələrin veb-resursları bu platformalar tərəfindən analiz olunur ki, bu da ölkənin milli maraqlarına uyğun gəlmir.

O, həmçinin analitika xidmətlərindən istifadə edən veb-resursların paylanma faizini təqdim etdi, hazırda dünyada aktiv olan veb-saytların 66,7 faizinin analitika xidmətindən istifadə etdiyini diqqətə çatdırdı.

Y.Sadıyev ölkənin milli domen zonasında mövcud olan veb-resursların analitikasının aparılmasının onun milli təhlükəsizlik məsələsi ilə birbaşa bağlı olduğunu dedi, dünyanın qabaqcıl ölkələrinin öz statistika sistemini qurmağa üstünlük verdiklərini vurğuladı: “Milli statistika sistemlərinin əsas məqsədi veb-resurslardan toplanmış məlumatların etibarlı saxlanması, mövcud təcrübə əsasında analitikasının aparılması və  informasiyanın fərdiliyinin qorunmasını təmin etməkdən ibarətdir.

Sonda məruzəçi qeyd etdi ki, Milli Statistika Sisteminin mövcud olmaması “.az” domen zonasında olan veb-resursların analitikasının fərqli platformalarda aparılmasına səbəb olur. Dövlət üçün strateji əhəmiyyətli veb-resurslar isə milli maraqların qorunması üçün bu xidmətlərdən istifadə etməyə üstünlük vermir.  

Məruzə ətrafında fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.