AMEA İnformasiya Texnologiyaları İnstitutunda texnika üzrə fəlsəfə doktoru Elçin Zeynalovun texnika üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi “Müxtəlif tip qeyri-müəyyənlikli modellər və vasitələrlə təsvir edilən dinamik obyektlər üçün qeyri-səlis tənzimləyicilərin sintezi üsullarının işlənməsi” adlı dissertasiya işinin aparıcı təşkilatda müzakirəsinə həsr olunmuş elmi seminar keçirildi.
E.Zeynalov dissertasiya işinin aktuallığı, məqsədi, bu məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırdı.
Bildirdi ki, dissertasiya işinin məqsədi müxtəlif tip qeyri-müəyyənlikli modellərlə təsvir edilən dinamik obyektlərin yüksək keyfiyyət göstəricili idarəetməsini təmin etmək üçün qeyri-səlis tənzimləyicilərin strukturunun, biliklər bazasının parametrik sintezi üsullarının və onların modelləşdirilməsi vasitələrinin işlənməsidir.
Bir sıra texnoloji proseslər və manipulyasiyalı robotların idarəetmə obyekti kimi müxtəlif tip qeyri-müəyyənlikli modellərlə təsvir olunduğunu vurğulayan iddiaçı dissertasiyada alınmış elmi yeniliklərin bilavasitə rektifikasiya kolonunun temperaturunun AİS-in, PUMA robotunun və elastik birləşmə robotunun əlinin idarəetmə sistemlərinin sınaq eksperimentləri əsasında təsdiq edildiyini diqqətə çatdırdı.
Qeyri-səlis tənzimləyicilərin sintezi üsullarının işlənməsinin əsas problemlərini nəzərə çatdıran E.Zeynalov dissertasiya işində ilk dəfə olaraq qeyri-stasionar obyektlərin idarə olunması üçün özüsazlanan qeyri-səlis dəyişən strukturlu (QDS) tənzimləyicinin konstruksiya edildiyini, manipulyasiyalı robotların yüksək keyfiyyət göstəricili idarəetməsini təmin edən çoxəlaqəli QDS tənzimləyicinin struktur və parametrik sintezi üsulunun işləndiyini və s. məsələlərin həllinə nail olunduğunu söylədi.
Təqdimatdan sonra iddiaçı alim və mütəxəssislərin suallarını cavablandırdı.
Müzakirələrdə iştirak edən akademik Rasim Əliquliyev, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və digərləri dissertasiya işinin aktuallıq baxımından müvafiq elm sahəsi üçün böyük əhəmiyyət kəsb etdiyi bildirdilər.
Sonda qərara alındı ki, dissertasiya işinin baxılan mövzu ətrafında bitmiş bir işdir, Ali Attestasiya Kommisiyasının texnika üzrə doktorluq dissertasiya işinə qoyulan tələbləri ödəyir. 1203.01 - “Kompüter elmləri” ixtisasına tam uyğundur və müəllif qeyd olunan ixtisas üzrə texnika elmləri doktoru alimlik dərəcəsi almağa layiqdir.