ABŞ-ın Stenford Universitetinin alimlərinin hazırladığı yeni texnologiya günəş panellərinin hazırlanmasında “perovskit” adlı materialdan istifadə ilə bağlı problemlərin öhdəsindən gəlməyə kömək edəcək.
hightech.fm saytının məlumatına görə, alimlər həşəratların mürəkkəb quruluşa malik gözlərindəki mikrolinzalara oxşar günəş elementlərinin dizaynından istifadə ediblər. Əsas məqsəd kövrək fotovoltaik material olan “perovskit”in isti, nəm və mexaniki gərginlik zamanı köhnəlməsinə imkan verməməkdir.
“Perovskit”lər günəş işığını elektrik enerjisinə adi günəş elementləri kimi effektiv çevirən olduqca yararlı və ucuz materiallardır. Lakin problem ondadır ki, “perovskit”lər kövrək və daimi mövcud olmayan materiallardır. Bu materialların istifadəsi üçün xüsusi şərait yaradılmazsa onlar qısaömürlü olacaq.
Günəş panellərinin əksəriyyəti yastı formadadırlar, lakin bu, “perovskit”lər əsasında günəş batareyaları üçün qəbuledilməzdir. Bu səbəbdən alimlər həşəratların, məsələn – milçəklərin göz formasından istifadə etməyə qərar veriblər. Onun gözləri hər biri çox kövrək olan, karkasla qorunan yüzlərlə kiçik seqmentdən ibarətdir. Bu texnologiyanın sayəsində, “perovskit” əsasında olan günəş elementi 6 həftə ərzində 85 dərəcə selsi və 85 faiz nisbi rütubətə davam gətirə biləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.