Latviyanın paytaxtı Riqa şəhərində Avropa İttifaqının Şərq Tərəfdaşlığı II Platformasının İşçi proqramı çərçivəsində 2014-2017-ci illərdə həyata keçirilən “Əmək bazarında tələb və təklifin uyğunlaşdırılması və proqnozlaşdırılması – Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin təcrübəsi” layihəsi həyata keçirilib.
Layihə çərçivəsində Avropa Komissiyası və Avropanın Təhsil fondunun dəstəyi ilə Şərq tərəfdaşlığı ölkələrinin nümayəndələrinə insan resurslarına tələb və təklifin uyğunlaşdırılması və proqnozlaşdırılması üzrə Avropa İttifaqı ölkələrinin təcrübəsi ilə tanışlıq üçün ən uğurlu nümunələr, bu sahədə aparılan elmi araşdırmalar, yeni institusional mexanizmlər təqdim edilmiş, tələb və təklifin uyğunlaşdırılması və proqnozlaşdırılması üzrə modellərlə tanış olmaq üçün tematik seminarlar təşkil olunmuşdur.
Tədbirin 26-29 iyun 2017-ci il tarixlərdə keçirilmiş sonuncu tematik seminarında AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova da iştirak edib. Alim ölkəmizi bu layihədə təmsil edən ekspert qrupunun tərkibinə daxil olub.
“Məşğulluq xidmətlərinin ixtisaslı kadrlara tələbatın proqnozlaşdırılması və uyğunlaşdırılmasında rolu. Latviya və İrlandiya təcrübəsi” adlı tematik seminar Latviyanın əmək bazarında insan resurslarının qısa və orta müddətli perspektivdə proqnozlaşdırılmasına, eləcə də tələb və təklif arasında səmərəli balansın planlaşdırılmasına dair institusional mexanizmlər və metodoloji yanaşmaların təqdim edilməsinə həsr olunub. Latviya təcrübəsi insan resurslarına olan tələb və təklifin uyğunlaşdırılması və proqnozlaşdırılması probleminin mürəkkəb və çoxkomponentli olduğunu, müsbət nəticələrin əldə edilməsi üçün müxtəlif yanaşma, metod və modellərin kombinasiyasından istifadə olunmasının zəruriliyini göstərib.
Tədbir çərçivəsində, Şərq Tərəfdaşlığı ölkələrində əmək bazarında insan resurslarının proqnozlaşdırılması, tələb və təklifin uyğunlaşdırılması sisteminin qurulması istiqamətində görülmüş işlər də müzakirə olunub. Həmçinin Azərbaycanda ixtisaslı işçi qüvvəsinə tələb və təklifin uyğunlaşdırılması və proqnozlaşdırılması ilə bağlı mövcud vəziyyət və yeni metodologiyanın işlənməsi istiqamətində qəbul edilmiş qərarlar, eləcə də ölkədə əmək bazarı və səriştələrin proqnozlaşdırılması üzrə Observatoriyanın yaradılması barədə məlumat verilib.
Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.