AMEA İnformasiya Texnologiyaları İnstitutunda 8 saylı şöbənin təşkilatçılığı ilə növbəti şöbələrarası elmi seminar keçirildi. Tədbiri giriş sözü ilə açan şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev seminarın “Regionda enerji resurslarının səmərəli paylanması prosesinin təkmilləşdirilməsi” mövzusuna həsr olunduğunu bildirdi. O, müasir şəraitdə elektrik enerjisi resurslarının istehlakçı tələbatlarından asılı olaraq səmərəli paylanmasında İKT sistemlərinin tətbiqinin aktual və əhəmiyyətli məsələ olduğunu diqqətə çatdırdı.
Sonra məruzəni təqdim edən institutun dissertantı Maqsud Həsənzadə bildirdi ki, hazırda müxtəlif iqtisadi və ictimai fəaliyyət sahələrində elektrik enerjisinə artan tələbat nəticəsində iqtisadi cəhətdən sərfəli olan qaynaqlardan enerji istesalına böyük önəm verilir. Bu məqsədlə elektrik istehsalı, onun paylanması, həmçinin ona olan tələbatın idarə olunması üzrə daha effektiv üsul və sistemlərin yaradılması üzərində işlər aparılır.
O, tədqiqat işində bəzi ölkələrdə elektrik enerjisi istehsalı və paylanmasını təmin edən ayrı-ayrı sistemlərin araşdırıldığını söylədi. Qeyd etdi ki, tədqiqatda istehlakçılar arasında elektrik enerjisinin paylanılması sahəsində müxtəlif ölkələrin elektrik enerjisi şirkətinin istifadə etdiyi üsullar öyrənilmiş və yeni istehlak idarəçiliyi üsulllarının istifadəsi ilə elektrik enerjisinin paylanılmasını təmin edən ağıllı sistemlər barədə məlumat verilmişdir.
Onun sözlərinə görə, pərakəndə istehsalın inkişaf etdirilməsi şəbəkədə istifadə tutumunun və müxtəlif şəraitə dayanıqlılıq qabiliyyətinin artırılmasına ehtiyacın artmasına gətirib çıxarır. “Bu səbəbdən üsul, cihaz, avadanlıq və texnologiyalar elektrik şəbəkələrinin inkişafına əsaslanmalıdır”, – deyə bildirən məruzəçi şəbəkənin funksiyasına nəzarət və yükün yayımının analizi üçün metodların işlənilməsi zəruriliyini qeyd etdi.
M.Həsənzadə regionda elektrik enerjisi sistemlərinin paylanması mexanizmini təhlil edərək elektrik enerjisini bölüşdürən şəbəkələr üçün kommunikasiya infrastrukturlarını şərh etdi. Enerjiyə dinamik tələbatın təyini, təklif və tələbə əsasən məlumat bazasının təşkili, enerji istehlakının idarə olunması haqqında da məlumat verdi.
O, həmçinin elektrik enerjisi resurslarının paylanmasına əsasən ağıllı informasiya sistemlərinin mexanizm və modelinin simulasiyası, enerji paylama qaynaqlarına əsasən ağıllı məlumat sisteminin tətbiqi üsulu və enerji qaynaqlarının paylanması mexanizminin nəticələrinin analizi barədə tədbir iştirakçılarını məlumatlandırdı.
Sonda məruzəçi qeyd etdi ki, bugünkü elektrik paylama sistemlərindən xeyli fərqlənən ağıllı şəbəkələrin hazırda mövcud olan sistemlərlə əvəzlənməsi uzun zaman tələb etsə də, bəzi texnologiyalar paylama sistemlərinin inkişafında effektiv rol oynayacaq.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı. Müzakirələrdə şöbə müdirləri – Təhmasib Fətəliyev, Səyyar Abdullayev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev, Rasim Mahmudov, institutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, sektor müdiri İradə Ələkbərova iştirak edərək irad və təkliflərini səsləndirdilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.