AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi. İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoruYadigar İmamverdiyev "Ekstremal informasiya təhlükəsizliyi risqlərinin qiymətləndirilməsi metodunun işlənməsi mövzusunda" məruzə ilə çıxış etdi. Risk hadisələri kimi informasiya təhlükəsizliyi insidentlərinin sayının, insidentlərin vurduğu zərərin və insidentlərin aradan qaldırılmasına çəkilən xərclərin paylanma qanunlarının tədqiqi barədə məlumat verdi.
Bildirdi ki, risklərin ehtimal analizi metodları statistik verilənlərə əsaslanır və statistik verilənlər nə qədər “keyfiyyətli”dirsə, alınmış nəticələr də bir o qədər etibarlı olur.
Tədqiqatın hipotezlərini diqqətə çatdıran məruzəçi qeyd etdi ki, kritik insidentlərin ehtimal xarakteristikalarını ekstremal qiymətlər nəzəriyyəsi əsasında müəyyən etmək olar və tapılmış ehtimal xarakteristikaları əsasında bir sıra digər xarakteristikaları proqnozlaşdırmaq mümkündür.
Y.İmamverdiyev, həmçinin proqram təminatlarında boşluqların sayının, kritik insidentlərin sayının, vurulan zərərin və insidentlərin aradan qaldırılmasına çəkilən xərclərin paylanma qanunlarının modelləşdirilməsi və s. ilə bağlı məlumatları nəzərdə çatdırdı.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.