“Yaşıl” informasiya texnologiyaları mövzusunda araşdırmalar aparılıb

11 Noyabr 2016 - 13:50 | Konfranslar, İclaslar

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda 4 saylı şöbənin növbəti seminarı keçirildi. İnstitutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov çıxış edərək seminarın “yaşıl” informasiya texnologiyaları  mövzusuna həsr olunduğunu bildirdi. Şöbənin əməkdaşı Orxan Mehdiyev məruzəsini təqdim edərək qeyd etdi ki, yaşıl informasiya texnologiyaları (İT) – Green IT (Green computing) informasiya-komunikasiya texnologiyalarının istifadəsi ilə əlaqədar əmələ gələn  fəsadlar və  ətraf mühitə  vurulan zərərli  təsirlərin  azaldılmasına  yönəldilən  təşəbbüsdür.

Məruzəçi "yaşıl" İT-də irəliləyiş əldə etmək üçün qarşıda duran vəzifələrdən söz açdı. Qeyd etdi ki, kompüterlərdə və periferiya qurğularında enerji istehlakının  minimuma endirilməsi, kompüter, server, printer və digər rəqəmsal qurğular üçün yeni, enerjiyə qənaət edən  texnologiyaların işlənib hazırlanması və s. bu sahədə görüləcək zəruri tədbirlərdəndir. Məruzəçinin sözlərinə görə, bu texnologiyalar “istehlakı ixtisar et”, “təkrar istifadə et” və “təkrar emal et” postulatları üzərində qurulmalıdır.

"Yaşıl" İT mədəniyyətinin formalaşması məsələlərindən söz açan O.Mehdiyev bildirdi ki, hər il dünyada ofislərdə  istifadə olunan kağızın  istehsalı üçün 768 milyon  ağac kəsilir. O, yaşıl İT mədəniyyətinin formalaşması üçün qənaətcil  çap və axtarış  proqramlarından istifadənin zəruri olduğunu diqqətə çatdırdı, "yaşıl" İT biliklərin tədrisi və təbliğinin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.

Məruzəçi, həmçinin Avropada məhsullara vurulan nişanlar, ideal "yaşıl" kompüter konsepsiyası, yaşıl İT təşəbbüsləri və s. haqqında danışdı. Bu sahədə mövcud olan qanunlar, standartlar və sertifikatlar barədə ətraflı məlumatları diqqətə çatdırdı.

Məruzə ətrafında müzakirələr aparıldı, sual və təkliflər səsləndirildi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.