İnstitutun inzibati-təsərrüfat fəaliyyətinin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb

27 Oktyabr 2016 - 15:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda inzibati-təsərrüfat fəaliyyətinin gücləndirilməsi məsələsinə həsr olunmuş müşavirə keçirilib. Tədbirdə institutun texnologiyalar üzrə direktor müavini Rəşid Ələkbərov, Ümumi işlər üzrə direktor müavini Mahmud Vəlibəyov, elmi katib Mədinə Səidova, Həmkarlar komitəsinin sədri Səyyar Abdullayev, Kadrlar şöbəsinin müdiri Ziba Nağıyeva, baş mühasib Leyla Quliyeva, Ümumi şöbənin müdiri Dinara Zeynalova, şöbə müdiri Şakir Mehdiyev, Təsərrüfat şöbəsinin müdiri Sübhi Dəmirova və inzibati-təsərrüfat fəaliyyəti ilə məşğul olan əməkdaşlar iştirak edirdi.

AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasında həyata keçirilən genişmiqyaslı islahatlardan söz açıb. Bildirib ki, Akademiyada müxtəlif istiqamətlər üzrə kompleks tədbirlər görülür ki, bu işlər arasında inzibati-təsərrüfat sektoruna aid böyük bir sosiumun da fəaliyyəti xüsusilə qeyd olunmalıdır.

R.Əliquliyev institutun inzibati-təsərrüfat fəaliyyətinin yüksək səviyyədə təşkilinin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb. Bu məqsədlə qurumun kadr potensialı, təsərrüfat işləri, əmək intizamı, əməkdaşların sosial vəziyyəti və s. ilə bağlı tədbirlərin həyata keçirilməsinə dair tapşırıqlar verib.

Sonda institut direktoru təklif və tövsiyələrini səsləndirib, əməkdaşlara fəaliyyətlərində uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.