Sentyabrın 16-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda cari ildə magistratura təhsilinin təşkili və həyata keçirilməsi məsələlərinə həsr olunmuş müşavirə keçirildi.
Öncə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək AMEA-da ötən ildən etibarən ilk dəfə təşkil edilmiş magistratura təhsili barədə məlumat verdi. Bildirdi ki, bu ilki müsahibədə AMEA-nın 21 institutu üzrə 611 nəfər iştirak etmiş, 56 nəfər qəbul olunmuşdur. Ən çox müraciət isə AMEA İnformasiya Texnologiyaları İnstitutunda (84 nəfər) qeydə alınmışdır.
İnstituta 2016/2017-ci tədris ili üçün keçirilmiş müsabiqədə “249178 – Kompüter mühəndisliyi”, “249186 – İnformasiya mühafizəsi və təhlükəsizliyi”, “249161 – Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı” ixtisasları üzrə 3 yer ayrılmışdır.
“İnformasiya Texnologiyaları İnstitutunda magistratura təhsilinin təşkili qurumun həyatında yeni bir mərhələnin başlanğıcıdır” - deyə bildirən R.Əliquliyev gənc kadrların elmi fəaliyyətinin daha səmərəli təşkili üçün institutun hər bir əməkdaşının bu prosesə cəlb edilməsi və fəal iştirakının vacibliyini önə çəkdi. Bildirdi ki, bizim qurumda təhsil alacaq magistrantların hər biri ilə fərdi qaydada işləmək, onlara beynəlxalq səviyyədə elmi araşdırmalar aparmaları üçün şərait yaratmaq bu prosesin keyfiyyətli şəkildə həyata keçirilməsini təmin edəcək əsas faktorlardır.
Alim magistratura təhsilinin yüksək səviyyədə təşkilinin əhəmiyyətindən söz açaraq qeyd etdi ki, tədris prosesində ölkənin nüfuzlu ali məktəbləriylə sıx əməkdaşlıq əlaqələri qurulmalı, tədris olunacaq fənlər daha da təkmilləşdirilməli, nizam-intizam qaydalarına əməl edilməlidir.
Sonra institutun Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifov çıxış etdi. O, 3 ixtisas üzrə AR Təhsil Nazirliyinin təsdiq etdiyi “magistratura səviyyəsinin ixtisas üzrə təhsil proqramı”, əsas istiqamətlər, ixtisaslaşma fənləri, seçmə fənlər və tədris planı haqqında ətraflı məlumat verdi, institutun alim və mütəxəssislərini fikir mübadiləsinə dəvət etdi.
Mövzu ətrafında müzakirələrdə iştirak edən institutun Texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, şöbə müdirləri texnika üzrə fəlsəfə doktorları Yadigar İmamverdiyev, Firudin Ağayev və digərləri institutda magistratura təhsilinin təşkili, həyata keçirilməsi və təkmilləşdirilməsi istiqamətində rəy və təkliflərini səsləndirdilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.