AMEA İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev və şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev Çexiya Elmlər Akademiyasının İnformasiya Nəzəriyyəsi və Avtomatlaşdırma İnstitutunda keçirilən görüşdə iştirak ediblər.
Çexiya Elmlər Akademiyasının İnformasiya Nəzəriyyəsi və Avtomatlaşdırma İnstitutunun direktoru, professor Yan Flusser və Adaptiv Sistemlər şöbəsinin əməkdaşları ilə keçirilən görüşdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi fəaliyyəti haqqında məruzə dinlənilib. İnstitutun elmi-tədqiqat istiqamətləri, iştirak etdiyi elmi layihələr, tədris və innovasiya fəaliyyəti, AzScienceNet şəbəkəsi, elmi nəşrləri, eləcə də beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verilib. Verilənlərin emalı və elektron elm istiqamətində aparılan elmi-tədqiqatlar və layihələr haqqında geniş fikir mübadiləsi aparılıb, bu sahələrdə əməkdaşlıq əlaqələrinin perspektivləri xüsusi vurğulanıb.
Sonra professor Yan Flusser çıxış edərək İnformasiya Nəzəriyyəsi və Avtomatlaşdırma İnstitutunun elmi fəaliyyəti haqqında geniş məlumat verib. İnstitutda informasiya texnologiyalarının əsasən kompüter elmləri, siqnalların və təsvirlərin emalı, obrazların tanınması, idarəetmə nəzəriyyəsi istiqamətlərində bir sıra problemlərinin tədqiq olunduğunu diqqətə çatdırıb. Bu məsələlər arasında süni intellekt, Bayes şəbəkələri, optimallaşırma, obrazların tanınması, neyron şəbəkələr və adaptiv sistemlərin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd olunan tədqiqat istiqamətlərindən bir çoxunun AMEA İnformasiya Texnologiyaları İnstitutunun tədqiqat istiqamətləri ilə kəsişdiyi bildirilib.
Daha sonra Adaptiv Sistemlər şöbəsində keçirilən birgə seminarda şöbə rəhbəri, texnika üzrə fəlsəfə doktoru Tatyana Valentin Qay şöbənin əsas elmi fəaliyyəti, o cümlədən mürəkkəb, dinamik və qeyri-müəyyən şəraitdə qərarların qəbulu ilə bağlı aparılan tədqiqatlar haqqında məlumat verib. Şöbənin əməkdaşı Kamil Dedesius bu istiqamətlərdə aparılan bəzi tədqiqatlar və layihələr haqqında təqdimatla çıxış edib. Dinamik təsvirlər ardıcıllığından informasiyanın çıxarılması və şəbəkələrdə diffuziyanın qiymətləndirilməsi sahələri AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşlarının xüsusi marağına səbəb olub. Bu istiqamətlərdə birgə elmi-tədqiqatların aparılması məqsədəuyğun hesab olunub.
Seminarda həmçinin institutun nəşr etdiyi nüfuzlu beynəlxalq elmi jurnal olan “Kibernetika” haqqında məlumat verilib. Qeyd edilən jurnal və İnformasiya Texnologiyaları İnstitutunun elmi jurnalları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
Sonda hər iki qurumun elmi əməkdaşlıqda maraqlı olduğu bildirilib, əməkdaşlıq istiqamətlərinin dəqiqləşdirilməsi və birgə elmi-tədqiqat planının hazırlanması üçün növbəti görüşlərin keçirilməsi təklif edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.