AMEA İnformasiya Texnologiyaları İnstitutunda 9 saylı şöbənin növbəti elmi seminarı keçirildi. “Elektron tibdə proqram mühəndisliyinin tətbiqi məsələləri” mövzusunda məruzə ilə çıxış edən institutun böyük elmi işçisi Tamilla Bayramova tibbi-informasiya sistemləri, bu sistemlərin təhlükəsizliyinin təyin edilməsi və Azərbaycanda bu sahədə mövcud vəziyyət haqqında ətraflı məlumat verdi.
T.Bayramova İKT-nin digər sahələrlə yanaşı, səhiyyə sahəsində də tətbiqinin bu sahədə xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına, müayinə müddətinin azaldılmasına, diaqnostikanın dəqiqliyinin artırılmasına, uzaq məsafədən müayinə aparılmasına və pasiyentlər haqqında məlumatların yüksəkixtisaslı mərkəzlərə göndərilməsinə və s. şərait yaratdığını söylədi.
Hazırda aparıcı şirkətlər tərəfindən elektron tibb sahəsində bir sıra proqram və aparat təminatının işlənildiyini nəzərə çatdıran məruzəçi bildirdi ki, rəqəmsal tibb üçün də standartların işlənilməsinə xüsusi diqqət yetirilir, Tibbi İnformasiya Sistemləri (TİS) inkişaf etdirilir. Bildirdi ki, TİS-in tətbiqi xəstəxanaları və tibbi mərkəzləri yeni texnoloji səviyyədə idarə etməyə imkan verir. İKT yeniliklərindən istifadə etməklə müalicənin keyfiyyətini və tibbi xidmətlərin səviyyəsini yüksəltməklə yanaşı, resurslardan istifadənin effektivliyini artırmaq mümkündür.
Onun sözlərinə görə, tibbi sistemin yaradılması zamanı terminologiya, fənn sahəsi təyin edilməli, konseptual sxemlər, informasiya mübadiləsi üçün qaydalar dəsti və xüsusi işlənilmə metodları müəyyən edilməlidir: “Tibbi İnformasiya Sistemi yaradarkən tələblər düzgün müəyyən edilməli, daxil olan informasiya axınının həcmi qiymətləndirilməli, texniki-iqtisadi baza təmin edilməli, informasiyanın toplanması və emal edilməsi üçün standartlar seçilməlidir”.
Qeyd etdi ki, “Metatezaurus”, “Semantik şəbəkə”, “Specialist-leksikon” bilik bazalarında səhiyyənin və biotibbin müxtəlif sahələrini birləşdirməyə imkan verən verilənlərdən ibarət fayllar və proqram təminatları toplanıb, eyni zamanda kompüter sistemləri arasında əməliyyat uyğunluğunu təmin etmək üçün lüğət və standartlar daxil edilib.
O, həmçinin sistemləşdirilmiş tibbi nomenklatura, tibbi və laboratoriya tədqiqatlarının ad və kodları, elektron xəstəlik tarixi sistemi, xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik klassifikasiyası, “Health Level 7” və digər standartlar barədə ətraflı məlumat verdi.
TİS-in təhlükəsizliyi məsələsinə toxunan məruzəçi bildirdi ki, “Kasperski laboratoriyası” xəstəxanaların tibb avadanlıqlarına olan kiberhücumların qarşısını almaq məqsədilə bütün dünyada tibb müəssisələrinin informasiya texnologiyaları infrastrukturunun çatışmazlıqlarını araşdırıb. “Hakerlər bu hücumları həyata keçirmək üçün proqram təminatında olan boşluqlar və tibbi informasiyanın əlaqə xətləri vasitəsilə şifrələnməmiş ötürülməsindən istifadə edirlər. Bu səbəbdən tibbi avadanlıqların işlənilməsi zamanı onların təhlükəsizliyi məsələlərinə diqqət yetirilməli və avadanlıqları hücumlardan qorumaq üçün onlarda xüsusi proqram təminatı quraşdırılmalıdır. Diaqnostika və müalicə avadanlıqlarında etibarlı şifrələrdən istifadə edilməli, mövcud boşluqların qiymətləndirilməsi üçün sistem işlənilməlidir”.
Azərbaycanda Tibbi İnformasiya Sisteminin 2007-ci ildən başlayaraq yaradılmağa başlanıldığını söyləyən məruzəçi səhiyyə müəssisələrinin fəaliyyətini təmin edən Nümunəvi Tibbi İnformasiya Sisteminin (NTİS) tətbiqi məqsədilə müxtəlif xəstəxana informasiya sistemlərinin təhlil edildiyini diqqətə çatdırdı. Onun sözlərinə görə, NTİS-in tətbiqinə 2008-ci ildən Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzində başlanımış, sonralar 8 tibb müəssisəsində də bu sistem qurulmuşdur.
Sonda T.Bayramova bildirdi ki, vahid standartlar, klassifikatorlar və identfikasiya qaydalarının işlənilməsi və tətbiqi, elektron sənədlərin toplanması və saxlanılmasının mərkəzləşdirilməsi, fərdi verilənlərə şifrə ilə qorunan əlyetərliliyin təmin edilməsi, tibbi təyinatlı veb-portalların sertifikatlaşdırılması, həkim qərarlarının dəstəklənməsi və tibbi təyinatların qeydiyyata alınması üçün kompüter sistemlərinin tətbiq edilməsi və s. səhiyyənin informasiyalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.
Məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.