AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elektron Kitabxana Mərkəzində növbəti elmi seminar keçirildi. Mərkəzin rəhbəri Mədinə Səidova gündəlikdə duran məsələləri diqqətə çatdıraraq tədbirin “E-kitabxanaların formalaşması problemləri” respublika elmi-praktiki konfransına mərkəzin əməkdaşları tərəfindən təqdim olunacaq məqalələrin ilkin müzakirəsinə həsr olunduğunu bildirdi.
Mərkəzin əməkdaşı Nərmin Adıgözəlova çıxış edərək e-kitabxanalar, onların yaranması və formalaşması problemləri, e-kitabxanalarda informasiya mədəniyyəti, internetdən asılılıq, bibliomaniya haqqında ətraflı məlumat verdi. O, informasiya tələbatını müəyyənləşdirmək bacarığı, müxtəlif mənbələrdən informasiyanın axtarılıb tapılması, əsas və ikinci dərəcəli məlumatların seçilməsi, toplanmış informasiyanın strukturlaşdırılması və sistemləşdirilməsi, informasiyanın məxfiliyinin qorunması, onun tamlığı və əlyetərliyinin təmin olunması, hüquqi və etik normalara əməl edilməsinin e-kitabxanalarda informasiya mədəniyyətinin tərkibinə daxil olduğunu bildirərək informasiya mədəniyyəti kriteriyalarından bəhs etdi.
Sonra mərkəzin əməkdaşı Nərgiz İsmayılova fiziki və əqli məhdudiyyətli istifadəçilər üçün intellektual e-kitabxanaların fomalaşması problemlərindən söz açdı. Əlilliyi olan şəxslərin dünya və Azərbaycan üzrə statistikası, onlar üçün hazırlanmış texnologiyalar barədə məlumat verdi. Məhdud imkanlı şəxslərin e-kitabxanalardan istifadəsini təmin etmək üçün mətnin nitqə və nitqin mətnə çevrilməsi, mətnlərin vizuallaşdırılması sistemlərinin yaradılmasının zəruriliyini vurğuladı.
Daha sonra çıxış edən mərkəzin əməkdaşı Sevinc Mərdanova e-kitabxana sistemlərində mətnlərin avtomatik təsnifatlaşdırılması üçün təklif olunan metod və alqoritmlər, onun tətbiq sahələri haqqında məlumat verdi. Müəlliflərin təyin olunması, e-kitabxana və bibliometrik bazalarda resursların avtomatik kateqoriyalaşması, cinayət faktlarının aşkarlanması və s. məqsədilə tətbiq edilən üsulların üstünlükləri və çatışmazlıqlarından danışdı.
Məruzələr ətrafında geniş fikir mübadiləsi aparıldı, təklif və tövsiyələr səsləndirildi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.