İnstitutda media monitorinqin təşkili problemlərinə həsr olunmuş seminar keçirildi

11 Mart 2016 - 15:56 | Konfranslar, İclaslar

Hazırda media qurumlarının informasiya sahəsinin idarə olunmasına böyük ehtiyac yaranıb. Bu da öz növbəsində böyük informasiya massivlərinin kəmiyyət və keyfiyyət analizinin aparılmasına tələbatın artmasına səbəb olub. Media resurslarının monitorinqi və qiymətləndirilməsinin aparılması ilə mövcud vəziyyəti təhlil edərək proqnozlar vermək və qurumun səmərəli fəaliyyətini təmin etmək mümkündür.

Bu haqda AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi Səadət Ağayeva institutun 16 saylı şöbəsinin elmi seminarında çıxışı zamanı bildirib. “Media monitorinqin təşkili problemləri” mövzusunda məruzəni  təqdim edən S.Ağayeva media monitorinqin aparılması prosesi və səviyyələri, media monitorinq alətləri, mətnlər üzərində iş üçün analitik proqramlar, internet-medianın monitorinqi xidmətlərini təklif edən şirkətlər, sosial medianın monitorinqi, ölkəmizdə bu sahədə mövcud vəziyyət və media monitorinqin müasir problemləri haqqında ətraflı məlumat verib.

Media monitorinqin aparılmasını zəruri edən amillərdən söz açan məruzəçi qeyd edib ki, monitorinqin aparılması informasiya sahəsində vəziyyətin kompleks qiymətləndirilməsi, informasiya sahəsinin göstəricilərinin yüksəldilməsi üçün imkanların aşkar olunması, formalaşmış media imici və vəziyyəti nəzərə alaraq informasiya siyasətinin hazırlanması, digər media qurumları və jurnalistlərlə işin optimallaşdırılması və s. baxımından böyük əhəmiyyətə malikdir.

Onun sözlərinə görə, media qurumlarında informasiyanın müntəzəm və tam analizini təmin etmək üçün hər bir media qurumunda analitik bölmənin yaradılması və onun iş metodikasının hazırlanması, bu bölmənin xüsusi axtarış və analitik alətlərlə təchiz olunması və mövcud informasiya mənbələrindən daxil olan bütün informasiyanın toplanması və analiz olunması zəruridir.

İnternet-media resurslarının monitorinqinin fərdi, korporativ, milli, regional, kontinental və qlobal səviyyələrdə aparıldığını diqqətə çatdıran S.Ağayeva dünyada xəbər monitorinqi üzrə ixtisaslaşmış şirkətlərin fəaliyyət istiqamətlərindən danışıb, bu sahədə ABŞ və Rusiya təcrübəsi barədə məlumat verib.

“Media resursları ilə yanaşı, sosial şəbəkələrin də monitorinqinin aparılması auditoriyanın veb-saytın fəaliyyətinə olan münasibətini müəyyən etmək baxımından əhəmiyyətlidir”, – deyə bildirən S.Ağayeva qeyd edib ki, sosial medianın monitorinqi zamanı əldə olunan məlumatların analizi veb-saytın reputasiyasına nəzarət etmək, auditoriyanın real portretini qiymətləndirmək üçün istifadə olunur.

Analitik sistemlərin emal edilən verilənlərə əsasən bir-birindən fərqləndiyini söyləyən məruzəçi “OLAP-analiz”, “Data Mining” kimi məlumatların emalı metodlarının uzun müddətdir istifadə olunduğunu nəzərə çatdırıb. Onun sözlərinə görə, bu metodlar hazırda bütün müasir sistemlər tərəfindən dəstəklənir.

Bu sahədə mövcud problemlərdən danışan məruzəçi bildirib ki, monitorinq zamanı ən yeni texnologiyaların tətbiq olunmaması, monitorinqin aparılmasında pərakəndəliyin mövcud olması, intellektual monitorinq və analizin aparılmaması, o cümlədən media resursları üçün milli statistika mexanizmlərinin mövcud olmaması öz həllini gözləyən problemlər sırasındadır.

S.Ağayeva, həmçinin media resurslarının monitorinqi ilə məşğul olan təşkilatlar, bu sahə üzrə fəaliyyət göstərən institutlar və media monitorinq problemlərini işıqlandıran jurnal və konfranslar haqqında ətraflı məlumat verib.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.