Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda Bakı Ali Neft Məktəbinin (BANM) Elektron Tədris şöbəsinin rəisi Şərif Xurşudov və kitabxana müdiri Tatyana Zaytseva ilə görüş keçirildi.
Görüşdə Azərbaycanın elm və təhsil müəssisələrinin şəbəkələrində Eduroam xidmətinin yaradılması və beynəlxalq Eduroam şəbəkəsinə qoşulmasının əhəmiyyətindən söhbət açıldı. AzScienceNet elm kompüter şəbəkəsinin Eduroam xidmətinin BANM-da təşkili məsələləri müzakirə edildi.
Qeyd edək ki, Eduroam xidməti elm və təhsil müəssisələri əməkdaşlarının xarici ölkələrə ezamiyyəti zamanı bu ölkələrin eduroam xidmətlərinə qoşulan təşkilatların daxili şəbəkə infrastrukturundan istifadə edərək İnternet şəbəkəsinə pulsuz və sərbəst qoşulmaq imkanı verir.
Tədbirdə institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov elektron elmin şəbəkə infrastrukturu olan AzScienceNet elm kompüter şəbəkəsinin fəaliyyəti haqqında ətraflı məlumat verdi. O, AMEA institut və təşkilatlarının fəaliyyətinin daha səmərəli təşkili, institutların alim və mütəxəssislərinin dünya elmi mühitinə inteqrasiyası baxımından AzScienceNet-in yaratdığı imkanlardan danışdı. AMEA-nın bir sıra institut və təşkilatlarında Milli Eduroam serverinin infrastrukturunun qurulduğunu nəzərə çatdırdı. R.Ələkbərov bu serverin Avropa Eduroam Konfederasiyasında qeydiyyatdan keçdiyini bildirdi.
AzScienceNet şəbəkəsinin administratoru Məmməd Məmmədov Eduroam xidmətinin üstünlüklərindən danışaraq xidmətin AzScienceNet istifadəçilərinə dünyanın istənilən yerindən qlobal İnternet şəbəkəsinə qoşulmaq imkanı yaratdığını qeyd etdi.
Elektron Tədris şöbəsinin rəisi Şərif Xurşudov öz növbəsində elm və təhsil qurumlarının fəaliyyətində qabaqcıl informasiya texnologiyalarının geniş tətbiqinin əhəmiyyətindən söhbət açdı. O, elm və təhsil müəsissələrinin şəbəkələrində Eduroam xidmətinin yaradılmasının Avropanın müvafiq şəbəkə infrastrukturuna inteqrasiya baxımından mühüm addım olduğunu söylədi.
Sonra qonaqlar AzScienceNet elm kompüter şəbəkəsinin İdarəetmə Mərkəzinin fəaliyyəti ilə, həmçinin Verilənlərin Emalı Mərkəzi (DATA Center), Tədris-İnnovasiya, Distant Tədris Mərkəzi ilə tanış oldular.