XƏBƏRLƏR

10488

Ömrünü informatika təhsilinə və elminə həsr etmiş 100 yaşlı akademik

30 Dekabr 2015 - 09:22 | Mühüm hadisələr

Çağdaş dövrdə istənilən ölkənin elmi-texniki qüdrəti yeni texnologiyaların istehsalı və tətbiqi, o cümlədən müasir peşəkar biliklərin səviyyəsi ilə müəyyən edilir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda biliklərə əsaslanan iqtisadiyyatın formalaşması, bu sahədə elmi tədqiqatların səmərəsinin artırılması, informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişafı, milli kadrların hazırlanması istiqamətində məqsədyönlü işlər həyata keçirilir. Bu işlərin vüsət almasında isə informatika elminin, informasiya texnologiyalarının inkişafına öz dəyərli töhfələrini verən görkəmli şəxsiyyətlərin, alimlərin rolunu xüsusilə qeyd etmək lazımdır.

Elmi-texniki sferada əldə edilmiş yüksək nəticələr informatika sahəsində mühüm ixtira və kəşflər etmiş, böyük yaradıcılıq qabiliyyətinə malik alimlərin tükənməz enerji və gərgin əməyinin, yeni elmi axtarışlarının məhsuludur. Məhz innovator alimlərin yaradıcı gücü, böyük dəqiqlik və peşəkarlıqla aparılan tədqiqatları sayəsində informasiya cəmiyyətinin inkişafının əsasını təşkil edən informatika elminin yeni sahələri meydana gəlir, informasiya texnologiyalarının yeni prioritet növləri yaranır, inkişaf edir.

Həyatını elmə, təhsilə, maarifçiliyə həsr edən, innovativ ideyaları ilə fərqlənən bu alimlərin fitri istedadı, tükənməz enerjisi və gərgin axtarışları gələcək nəsillər üçün bir məktəbdir. Ölkəmizdə informatikanın təşəkkülü tarixində adı böyük hərflərlə yazılan belə şəxsiyyətlərdən, alimlərdən biri də Azərbaycanın ən qocaman və ilk informatik alimi, Əməkdar elm xadimi, SSRİ Dövlət mükafatı laureatı, akademik İsmayıl İbrahimovdur.

Bu il 100 yaşını qeyd edəcək görkəmli elm xadiminin kəşməkeşli ömür yoluna, fəaliyyətinə, qazandığı nailiyyətlərə nəzər saldıqda, onun ölkədə informasiya cəmiyyəti ideyalarının təşəkkül tapmasını qarşısına məqsəd qoymuş böyük alim, elm təşkilatçısı kimi gördüyü vacib işləri qeyd etməmək olmaz. İsmayıl İbrahimov məhsuldar elmi, pedaqoji, o cümlədən yüksək idarəçilik fəaliyyəti ilə hər zaman fərqlənən alimlərdən olub. Bu gün akademikin 100 illik şərəfli ömür yolu elmə, təhsilə xidmətin ən bariz nümunəsidir. 

İsmayıl Əli oğlu İbrahimov 1915-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. Onun 2 yaşı olanda atası Əli kişi millətlərarası münaqişələrin  qurbanı olur, ailənin bütün yükü anasının üzərinə düşür. Bu itki onun uşaqlıq və yeniyetməlik dövründə dərin izlər qoyur. Dördüncü sinfi bitirdikdən sonra İ.İbrahimov Bakıya gəlir və bir müddət böyük qardaşının himayəsində yaşayır. Həyatın bütün çətinliklərinə baxmayaraq, İsmayıl İbrahimov təhsil almaq arzusunu reallaşdıra bilir. Qocaman alimin dəqiq elmlərə olan marağı hələ yeniyetməlik və gənclik illərində yaranıb. Ümumtəhsil məktəbində altı il oxuduqdan sonra N.Nərimanov adına Sənaye Texnikumunun “Mexanika” fakültəsinə daxil olur, eyni zamanda ictimai işlərdə fəal iştirak edir - texnikumun Həmkarlar İttifaqı Komitəsinin sədr müavini seçilir. İ.İbrahimovun əməksevərliyi diqqətdən yayınmır və o, tələbə ikən laborant vəzifəsinə təyin edilir. Burada ilk dəfə nəzarət-ölçü cihazları ilə tanış olur. L.Krasin adına elektrik stansiyasındakı istehsalat təcrübəsi ona nəzəri biliklərini sənaye şəraitində sınaqdan keçirməyə imkan yaradır. 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutuna oxumağa göndərilir. Gələcəyin alimi elə ilk günlərdən bu təhsil ocağının fəal tələbələrindən biri kimi tanınır, yüksək intellektual səviyyəsi, elmə hədsiz marağı ilə fərqlənir. Dördüncü kursda ixtisaslaşma zamanı nəzarət-ölçü cihazları ixtisasını seçməsi onun sonrakı fəaliyyət yolunu müəyyən edir. 1941-ci ildə institutu “Nəzarət-ölçü cihazları və avtomatika” ixtisası üzrə bitirən İsmayıl İbrahimov bu sahədə ilk ali təhsilli azərbaycanlı mühəndisdir.

Təhsilini başa vurduqdan sonra o, Azərenerji Mərkəzi İstehsalat-Tədqiqat laboratoriyasında böyük mühəndis vəzifəsində işlə təmin edilir və eyni zamanda Azərbaycan Sənaye İnstitutunda ixtisasartırma kursunda müəllim kimi çalışır. Lakin İkinci Dünya müharibəsinin başlanması ilə onun sovet ordusu sıralarında xidməti başlayır. Nəzarət-ölçü cihazları və avtomatika üzrə mütəxəssis kimi onu S.M.Budyonnı adına Sankt-Peterburq Hərbi Elektrotexniki Rabitə Akademiyasındakı “Hava müdafiəsi, informasiya və rabitə” ixtisası üzrə qısamüddətli kurslara göndərirlər. Kursları bitirərək İ.İbrahimov kiçik leytenant rütbəsi alır və döyüşən ordu sıralarına göndərilir. Gənc İsmayıl cəbhədə özünü həm yüksək ixtisaslı mütəxəssis, həm də bacarıqlı komandir kimi göstərir və il yarımlıq müddət ərzində taqım komandiri vəzifəsindən əlahiddə batalyon komandirliyinə qədər yüksəlir. Müharibənin axırınadək cəbhədə olan İsmayıl İbrahimov 77-ci Azərbaycan alayının tərkibində xidmət edir. Müharibə başa çatdıqdan sonra, 1946-cı ildə zabit kimi Sovet Ordusu sıralarından təxris olunur və doğma təhsil ocağına – Azərbaycan Sənaye İnstitutuna qayıdır.

İsmayıl İbrahimov tələbə ikən qazandığı uğurlar, apardığı araşdırmalardan sonra, sübhəsiz ki, elmdən kənarda qala bilməzdi. Elə həmin ildən institutun “Nəzarət-ölçü cihazları” kafedrasında baş laborant vəzifəsində işləməyə başlayır. Neftçıxarma və neft emalı, neft-kimya və kimya sənayesi, energetikada ölçmə, nəzarət və avtomatlaşdırma onun elmi axtarışlar sahəsi idi. Sonralar həmin kafedra “İstehsal proseslərinin avtomatlaşdırılması” adlandırılır. Burada o, baş laborantdan assistent (1947-1948), bas müəllim (1948-1954), dosent, professor, kafedra müdiri (1954-1988) vəzifələrinədək yüksəlir. İsmayıl müəllimin rəhbərliyi altında kafedranın maddi-texniki bazası möhkəmlənir, onun nəzdində problem laboratoriyası yaradılır, elmi-pedaqoji əlaqələri genişləndirilir.

1946-1947-ci illər ərzində Krasnovodsk neft emalı zavodunun o dövrdəki ən müasir ölçmə cihazları və avtomatlaşdırma vasitələrinin nəhəng arsenalını öyrənə bilməsi alimin bu sahədə respublikada aparıcı mütəxəssis kimi formalaşmasına kömək edir. Məhz bu dövrlərdən də onun fəal elmi-tədqiqat fəaliyyəti başlayır. O, 1952-ci ildə “Elektron potensiometrlərin tədqiqi” mövzusunda dissertasiya işini müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini alır. 1964-cü ildə ona rəhbərlik etdiyi “İstehsal proseslərinin avtomatlaşdırılması” kafedrası üzrə professor elmi adı verilir.

İsmayıl İbrahimov Sənaye İnstitutuna qayıtdıqdan sonra müəllimliklə yanaşı, kollektivin ictimai-siyasi həyatında da fəal iştirak edir. Cəbhədə qazandığı idarəetmə təcrübəsi onun əvvəlcə ilk partiya təşkilatı katibinin müavini (1946), institut partiya komitəsi katibinin müavini (1947-1950) və institut partiya komitəsinin katibi (1950-1952, 1954-1959) seçilməsinə gətirib çıxarır. Bu illər ərzində böyük elmi-pedaqoji və ictimai-siyasi iş aparan İ.İbrahimov ali təhsilin təşkilatçısı kimi də formalaşır. 1960-cı ildə o, M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun rektoru təyin olunur.

Nüfuzlu alimin istedadı və təşkilatçılıq qabiliyyəti rektor kimi özünü daha aydın göstərir. O, ali məktəbin bacarıqlı islahatçısı kimi yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını tədris prosesinin elmi-texniki təminatı ilə sıx əlaqələndirir, Elmlər Akademiyası institutlarının görkəmli alimlərinin və istehsalatda çalışan mütəxəssislərin tədris prosesinə cəlb edilməsinə xüsusi önəm verir. İ.İbrahimovun rektor kimi yorulmaz səyi və məqsədyönlü fəaliyyəti nəticəsində təhsil ocağı keçmiş sovetlər ittifaqının və dünyanın aparıcı neft institutlarından birinə çevrilir. Heç də təsadüfi deyildir ki, həmin dövrdə SSRİ miqyasında ilk dəfə olaraq ali məktəb təcrübəsində neft və neft-kimya təmayüllü ali məktəblərarası Elmi-Metodik Şura yaradılır və İ.İbrahimov 1961-ci ildən 1988-ci ilədək həmin şuraya sədrlik edir. 

Akademik həmçinin keçmiş SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyi Elmi-Texniki Şurasının neft bölməsinin üzvü, SSRİ Ali məktəb “Elmi xəbərləri”nin və “Neft və Qaz” ümumittifaq jurnalının baş redaktoru olub. İqtisadi riyazi üsulların və EHM-in tətbiqi əsasında xalq təsərrüfatının idarə edilməsi üzrə komissiyanın sədri kimi İ.İbrahimov xalq təsərrüfatının kompüterləşdirilməsinin əsasını qoyub.

1968-ci ildə İsmayıl İbrahimov “Neft emalı və neft-kimya proseslərinin avtomatik nəzarət, tənzimlənmə və idarə olunması” mövzusunda dissertasiya işini müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsini alır və elə həmin ildə Azərbaycan EA-nın müxbir üzvü seçilir.

İdarəetmə sahəsində böyük təcrübəsi olan İ.İbrahimov 1970-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilir. Bu vəzifədə o, 1978-ci ilə kimi çalışır və respublikada elektron, radio və cihazqayırma sahələri üzrə istehsalat müəssisələrinin və yeni elmi-tədqiqat institutlarının yaradılmasında fəal iştirak edir, sənayenin neft emalı, kimya sahələrinin inkişafında, Azərbaycan energetika kompleksinin, maşınqayırmanın qabaqcıl dünya təcrübəsinə uyğun müasirləşməsində və səmərəliyinin artırılmasında öz bilik və bacarığını əsirgəmir. 

Həmin dövrlərdən başlayaraq kompüterləşmə və informasiyalaşdırma problemlərinin tədqiqi və tətbiqinə verdiyi önəm bu gün də İ.İbrahimovun elmi, təşkilati, pedaqoji və ictimai fəaliyyətində istiqamətverici yer tutur. O, sonrakı illərdə (1978-1988) Azərbaycan Neft və Kimya İnstitutunun yenidən rektoru işləyərkən bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirir. 1981-ci ildə ona Azərbaycan Respublikasının Əməkdar elm xadimi adı verilir.

1983-cü ildə akademik bir qrup alim və mütəxəssislə birlikdə “İstehsalatın səmərəliyini yüksəltmək üçün idarəetmə və informasiya sistemlərinin hazırlanması və tətbiqi” adlı işə görə elm və texnika sahəsində SSRİ Dövlət mükafatına layiq görülür.

Alimin rəhbərliyi altında informasiyanın qıtlığı şəraitində iritonnajlı etilen istehsalatının riyazi modelləri və operativ idarəedilməsi ilə əlaqədar tədqiqatlar aparılıb, determenik və qeyri-səlis şəraitdə işləyən qeyri-stasionar reaktor kompleksinin operativ planlaşdırılmasının və optimal idarəedilməsinin riyazi modellər kompleksi işlənərək hazırlanıb.

Apardığı elmi tədqiqatların nəticələri barədə İ.İbrahimov müntəzəm olaraq beynəlxalq elmi məclislərdə, konfranslarda, simpoziumlarda, o cümlədən avtomatik idarəetməyə (Odessa, Batumi, Helsinki), neftə (Moskva, Tokio, Mexiko, London, Buxarest), qaza (Toronto, London, Lozanna) həsr olunmuş konqreslərdə məruzələrlə çıxış edib. 1986-cı ildə ona Sosialist Əməyi Qəhrəmanı adı verilib.

Görkəmli tədqiqatçı 200-dən artıq elmi əsərin, o cümlədən 20-dən artıq monoqrafiya, dərslik, elmi-metodiki və tarixi kitabların müəllifidir. Onun rəhbərliyi altında çoxlu sayda elmlər namizədi və doktoru hazırlanıb.

İ.İbrahimov 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

1975-ci ildən bu günə kimi Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin “Kibernetikanın kompleks problemləri” üzrə Şurasının, hazırda Respublika Elmi Tədqiqatları Əlaqələndirmə Şurasının İnfomasiya texnologiyaları və avtomatlaşdırma Problem Şurasının sədridir. Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin büro üzvüdür. 1997-ci ildən bu günə kimi AMEA-nın İdarəetmə Sistemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisidir. İ.İbrahimov AMEA İnformasiya Texnologiyaları İnstitutunda həyata keçirilən vahid milli elmi informasiya fəzasının formalaşdırılması və Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyası məqsədini daşıyan “Elektron elm” proqramı layihəsinin elmi məsləhətçisidir. 

Akademik İsmayıl İbrahimov elmdə əldə etdiyi nailiyyətləri və elmi kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə saysız-hesabsız Fəxri Fərman, orden və mükafatlarla təltif edilib. O, Azərbaycan Respublikası, SSRİ, Rusiya Federasiyası və bir sıra digər xarici dövlətlərin 40-dan artıq orden, medal və mükafatına layiq görülüb.  2005-ci ildə Azərbaycan Respublikasının sosial, ictimai və mədəni həyatında böyük xidmətlərinə görə ona Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib. 2015-ci ildə isə AMEA-nın 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının “Şərəf” ordeni ilə təltif edilib.

Akademik əvvəlki kimi indi də ictimai işlərlə məşğul olur. 1988-ci ildən bu günə qədər Azərbaycan Uşaq Fondunun sədri, Uşaq Fondları Beynəlxalq Assosiasiyasının vitse-prezidentidir. İ.İbrahimov Assosiasiyanın ən ali mükafatına – “Qızıl medal”a layiq görülüb.

Hazırda akademik İsmayıl İbrahimov ölkəmizdə müasir kibernetika və informasiya texnologiyalarının geniş tətbiqinə yönəlmiş kompleks tədbirlərin hazırlanması, müzakirəsi və tətbiqi ilə bağlı elmi-təşkilati işlərə rəhbərlik edir. Bu sahədə elmi-tədqiqat planlarının tərtibi, kadr hazırlığı, beynəlxalq elmi əlaqələrin inkişafı kimi layihələrin icrasına önəmli töhfələrini verir.

Ömrünün müdriklik çağında da akademik İsmayıl İbrahimov yorulmadan çalışır, ictimai problemlərin həllində fəal iştirak edir. Qocaman alim bir əsrlik həyatının son gününə qədər elmlə məşğul olacağını deyir. Azərbaycanda kibernetika, idarəetmə sistemləri, avtomatlaşdırma və informasiya texnologiyalarının inkişafında əvəzsiz xidmətləri olan görkəmli alim həm də yüksək mənəvi keyfiyyətlərə malik olan bir insan kimi həmkarları, alim yoldaşları arasında, ümumiyyətlə, cəmiyyətdə böyük hörmət qazanıb. Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən İsmayıl İbrahimov bu 100 ili şərəflə yaşayıb, vətənə, xalqa, elmə, təhsilə ləyaqətlə xidmət edib və etməkdədir. İsmayıl müəllim özünün şərəfli əmək və elmi bioqrafiyası ilə gənclərimizə böyük örnəkdir. 

Görkəmli alim İsmayıl İbrahimovu 100 illik yubileyi münasibətilə təbrik edir, ona həyatın ən şirin neməti olan can sağlığı arzulayırıq! 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.