Nüfuzlu “Time” jurnalı tərəfindən dərc edilən ən yaxşı ixtiraların illik reytinqində dünyanı daha da yaxşılaşdıran innovasiyalar öz əksini tapıb. ain.ua saytı cari ilin ən mühüm elmi-texnoloji ixtiralarını təqdim edib.
“Eko Core” adlı rəqəmli stetoskop
Adi stetoskopa xüsusi adapter qoşduqdan sonra ürək döyüntüsünün ritmi "bulud"a göndərilir və bundan sonra onu smartfona yükləmək mümkündür. Smartfona quraşdırılmış mobil proqram bu ritmi təhlil edərək onu əvvəlki ritmlərlə müqayisə edərək pasiyentdə ürək anomaliyalarını aşkar etməyə kömək edəcək.
Hazırda qurğu San-Fransiskoda yerləşən Kaliforniya Universitetində sınaqdan keçirilir. Həkimlərin sözlərinə görə, "Eko Core" analizin dəqiqliyini yüksəldəcək və exokardioqrafiya kimi bəzi bahalı testləri əvəz edəcək.
Qlüteni aşkarlayan sensor
Seliakiyadan (həzm sistemi ilə əlaqədar irsi xəstəlik) əziyyət çəkən və ya orqanizmi qlüteni qəbul etməyən milyonlarla insan restoranlardakı yeməklərin tərkibində zülalın həddindən artıq olması ehtimalından narahatdır. Gələn ildən satışa çıxarılacaq “Nima” sensoru istənilən qida məhsulu və içkilərin tərkibini cəmi 2 dəqiqəyə yoxlaya biləcək. Yeməyin tərkibində qlüten aşkar ediləcəyi təqdirdə “Nima”nın ekranında qaşqabaqlı sima, əks halda isə təbəssüm ifadə olunacaq.
Uşaqların əhval-ruhiyyəsini təyin edən treker
“Sproutling” şirkəti öz yeni məhsulu ilə hər bir valideynin “Övladım necədir?” sualını cavablandırmağa çalışıb. Fitnes-trekeri xatırladan qurğu uşağın ürək ritmlərini, bədəninin hərarətini və digər məlumatları qeydə alır, həyəcan üçün əsas olduqda isə bu haqda valideynlərə smartfon vasitəsilə xəbər ötürür.
Layihənin məqsədi uşağın davranışı və əhvalı haqqında daha çox informasiya verməkdir.
Havanın çirklənməsini müəyyən edən şəxsi detektor
“Tzoa” detektoru havadakı çirklənmələri və allergenləri təyin edir. Stasionar qurğu havanın hərarətini, bərk cisimlərin (toz, tozcuq, kif, işlənmiş qaz) sayını, günəş radiasiyası axınının sıxlığını ölçərək, havanın analizini həyata keçirə biləcək müəssisəyə bulud vasitəsilə məlumatları ötürür.
Balacaların həmsöhbəti olacaq oyuncaqlar
Yaxın gələcəkdə uşaq mağazalarında balacaların suallarına cavab verəcək və onlarla müxtəlif mövzularda söhbət edə biləcək “intellektual” oyuncaqlar peyda olacaq. Bunun üçün IBM şirkətinin “Watson” superkompüterinin süni intellekt sisteminin yaratdığı imkanlardan istifadə ediləcək.
Bu cür oyuncaqlar 5-9 yaş həddində olan uşaqlar üçün nəzərdə tutulub. Oyuncaq məsələn, “Yer kürəsindən Aya qədər olan məsafə nə qədərdir” kimi sadə suallara cavab verəcək.
Hər bir oyuncaq öz sahibini tanıyacaq, onun maraq dairəsinə bələd olacaq, uşağın yaşı və intellektinin artması ilə o da öz növbəsində, bilik səviyyəsini artıracaq.
Masaüstü DNT laboratoriya
DNT (dezoksiribinuklein turşusu) zəncirinin tədqiqi və onun digərləri ilə müqayisəsi bir gün vaxt ala bilər. Masaüstü “Juno” DNT laboratoriyası sayəsində isə bu prosesə cəmi 3 saat vaxt sərf olunur.
“Fluidigm” mikroçipi su damcısından 1000 dəfə kiçik nümunəni tədqiq etmək qabiliyyətinə malikdir. Qurğunun dəyəri 120 min dollardır və artıq elmi-tədqiqat laboratoriyalarında istifadə olunur.
Pilotsuz uçan aparatlar üçün aeroport
Pilotsuz uçan aparatların (dron) tətbiq sferası olduqca genişdir: məhsulların çatdırılması, ucqar regionlarda təcili kömək və s. Bunu nəzərə alaraq, Ruanda Respublikasında dronlar üçün ilk aeroport da tikiləcək. Britaniyalı memar Norman Foster bu məkanı ölkənin mürəkkəb landşaftına görə seçib. Çünki bu ərazi pilot layihənin reallaşdırılmasından ötrü poliqon kimi istifadə üçün yararlıdır.
Avtomobillərlə müqayisədə dronlar məhsul, dərman, elektronika qurğularını və başqa məhsulları daha sürətli çatdıra bilərlər. Təyyarə vağzalı iki tip dronlara xidmət göstərəcək: yüngül yüklərin çatdırılması üçün “Redline” və 100 kq-dək yükü qaldıra bilən “Blueline” dronlarına.
Virtual fırça
Bu gün hamının istifadə etdiyi karandaş təxminən 450 il əvvəl ixtira edilib. Karandaş istənilən bucaq altında yaza bilər və çalarların fərqliliyi sıxma gücündən asılıdır. Eyni funksionallığı rəqəmli formatda reallaşdırmaq çətin məsələ idi. Məhz bu səbəbdən “Apple Pencil” başqa stiluslardan fərqlənir.
Sözügedən qurğu vasitəsilə ekran üzərində yazmağa və çəkməyə imkan yaradır. “Apple Pencil” stilusunun ixtirası şəkil, animasiya və çertyojları yeni üsulla yaratmağa kömək edəcək.
Uşaqlara proqramlaşdırmanı öyrədən top
Proqramçılara tələbatın yüksək templə artdığı bir dövrdə Nyu-Yorkun “Made by Many” konsaltinq şirkəti “Hackaball” oyuncaq topunu hazırlayaraq uşaqlara kod yazmağı öyrətmək üçün maraqlı üsuldan istifadə edib. Bu top mobil proqramla sinxronlaşdırılır və istifadəçilərə proqramlaşdırmağa imkan verir.
Şirkətin strateji direktoru Uilyam Ouenin sözlərinə görə, onların ixtirasının özəlliyi ondadır ki, oyuncaq top proqramlaşdırmanın faydasını ekran qarşısında deyil, real həyatda başa salır.