Böyük həcmli elmi verilənlər problemləri tədqiq olunur

08 Dekabr 2015 - 11:00 | Konfranslar, İclaslar
Böyük həcmli elmi verilənlər problemləri tədqiq olunur

Son illər informasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətlər elmin inkişafında əsas tendensiyalardan biri kimi elmi verilənlərin həcmini əhəmiyyətli dərəcədə artırıb, onların saxlanması və emalı problemini meydana çıxarıb. Elmi fəaliyyət nəticəsində böyük həcmdə eksperimental verilənlər yaranmış, müxtəlif elmi nəşrlərin, görülən işlər haqqında hesabatların, layihələrin nəticələrinin və s. sayı artmışdır. Toplanmış böyük həcmli elmi verilənlərin professional idarə edilməsi və analizi ilə yeni biliklərin əldə olunması və elmin sürətli inkişafı üçün geniş imkanlar yaranır.

AMEA İnformasiya Texnologiyaları İnstitutunda böyük həcmli elmi verilənlər problemləri ilə bağlı araşdırmalar aparılır. Tədqiqatların nəticələri barədə institutun şöbə müdiri Təhmasib Fətəliyev elmi seminarda çıxış edib.

T.Fətəliyev bildirib ki, verilənlərin elmdə rolu hər zaman mühüm əhəmiyyət kəsb edib, elmi verilənlərin qeydiyyatı, emalı və analizi aktual məsələlərdəndir. “E-elm böyük həcmli verilənlərin “generatoru” rolunu oynayır”, – deyə bildirən məruzəçi dünyada bu sahə üzrə fəaliyyət göstərən beynəlxalq təşkilat və qurumlardan söz açıb. Bildirib ki, Elm üzrə Beynəlxalq Şura (ICSU), Elm və Texnologiya üçün Məlumat Komitəsi (CODATA) bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir. Həmçinin beynəlxalq elmi proqramlar üçün Big Data-ya (böyük verilənlər) dair tövsiyələr və tədbirlər, Dünya Verilənlər Sistemi, Avropa Birliyinin “Big Data Europe” layihəsi və s. haqqında məlumat verib.

Beynəlxalq elmi proqramlar üçün Big Data problemlərinə toxunan şöbə müdiri bununla bağlı tövsiyələr və tədbirləri diqqətə çatdırıb: “Beynəlxalq elmi proqramlar üçün Big Data sahəsində tematik tədqiqatların artırılması, elm sahələri üzrə Big Data həllərinin mübadiləsinin təbliği, böyük verilənlər üçün siyasi, etik və hüquqi məsələlərin, o cümlədən idarəçilik və sabitlik problemlərinin tədqiqi mühüm əhəmiyyət kəsb edir”. “Big Data Europe” layihəsi səhiyyə, qida, enerji, nəqliyyat, iqlim, təhlükəsizlik və ictimai elmlər sahələrini əhatə edir.

T.Fətəliyev həmçinin elmi verilənlərin emalı üçün superkompüterlər, klasterlər, qrid və  hesablama buludları barədə də ətraflı məlumat verib.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, məruzəçi verilən sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.