Bulud texnologiyalarının tətbiqi problemləri araşdırılır

20 Oktyabr 2015 - 17:00 | Konfranslar, İclaslar
Bulud texnologiyalarının tətbiqi problemləri araşdırılır

Hazırda informasiya texnologiyaları sahəsində tətbiq olunan innovasiyalardan biri də bulud texnologiyalarıdır. Verilənlərin emalı, ötürülməsi və saxlanması sahəsində imkanların əhəmiyyətli dərəcədə genişlənməsi hesabına dövlət və özəl sektora xidmətlərin göstərilməsində bu texnologiyaların rolu artmaqdadır. AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilmiş növbəti elmi seminar “Bulud texnologiyaları: modelləri, xidmətləri və tətbiq sahələri” mövzusuna həsr olunmuşdur.

Məruzə ilə çıxış edən institutun böyük elmi işçisi Məmməd Həşimov bulud texnologiyalarının məsələlərin emalı və yadda saxlanmasına xidmət edən hesablama sistemi olduğunu diqqətə çatdırıb. Bildirib ki, bulud texnologiyaları müəyyən resurslara uzaq məsafədən müraciət imkanı verir.

M.Həşimov “Amazon”, “Google”, “İBM”, “İntel” və “Microsoft” şirkətlərinin təklif etdiyi “Cloud Computing” xidmətləri haqqında ətraflı məlumat verib. Məruzəçinin sözlərinə görə, “Gartner Group” analitikləri bulud texnologiyalarını gələcəyin ən perspektivli strateji texnologiyası adlandırırlar: “Analitiklərin araşdırmalarına əsasən, 2015-ci ildə bulud hesablamaları bazarının həcmi 200 milyard ABŞ dolları təşkil edəcək”. Bulud texnologiyaları modellərini diqqətə çatdıran məruzəçi qeyd edib ki, bu texnologiyanın ümumi və özəl təyinatlı, qrup və hibrid modelləri geniş tətbiq olunur.

O, həmçinin bulud texnologiyaları xidmətləri, istifadəçilərə elektron xidmətin yüksək səviyyədə təşkilini təmin edən elektron hökumət sistemi haqqında məlumat verib, bu sahədə ABŞ təcrübəsindən danışıb. Bildirib ki, dünyada ən çox müraciət olunan portallardan biri – ABŞ hökumətinin rəsmi internet portalında xərclərin azaldılması və portalın səmərəliyinin artırılması məqsədilə bulud texnologiyaları tətbiq olunur.

Qeyd edib ki, gələcəkdə Azərbaycanın “Elektron hökumət” portalında bulud texnologiyalarının tətbiqi portalın imkanlarının genişləndirilməsinə şərait yaradacaq.

Sonra məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.