Sürətli elmi-texniki inkişafla, informasiya və kommunikasiya texnologiyalarının geniş yayılması ilə müşayiət olunan ötən əsrin sonu və yeni minilliyin başlanğıcı qlobal informasiya mühitinin yaranmasına, mövcud sərhəd və maneələrin kifayət qədər aradan qalxmasına, əmtəələrin sərbəst beynəlxalq dövriyyəsinə, insanların azad yerdəyişməsinə gətirib çıxarmışdır. Eyni zamanda, bu qloballaşma müasir dünyamızı beynəlxalq terrorizmin, transmilli mütəşəkkil cinayətkarlığın, habelə silah və narkotiklərin qanunsuz dövriyyəsinin, qeyri-qanuni miqrasiyanın doğurduğu yeni təhdidlərlə üzləşdirir və hər bir dövlət qarşısında təhlükəli təzahürlərin qarşısının alınması üçün zəruri olan milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi vəzifələrini qoyur.

Beynəlxalq kommunikasiyaların hazırkı inkişaf səviyyəsi ölkəmizin milli maraqlarının təmini məsələsində yeni yanaşmalar tələb edir. Bu da öz növbəsində ənənəvi eyniləşdirmə üsulları ilə müqayisədə daha səmərəli olan biometrik eyniləşdirmə texnologiyalarının, onların tətbiqini nəzərdə tutan müxtəlif biometrik eyniləşdirmə sistemləri üçün qəbul olunmuş beynəlxalq standartların öyrənilməsini, həmin texnologiyaların tətbiqi sahəsində milli standartların hazırlanmasını, bu standartlara uyğun məqbul texnologiya və sistemləri seçməklə yeni nəsil biometrik sənədlərin istehsalı və tətbiqinin təşkilini, müvafiq infrastrukturun yaradılmasını və təkmilləşdirilməsini, qanunvericilik bazasının, xüsusilə də informasiya təminatı və təhlükəsizliyi sahələrində normativ hüquqi bazanın beynəlxalq standartlara uyğunlaşdırılmasını, bu sahədə beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsini zəruri edir. Yeni biometrik eyniləşdirmə sistemlərinin effektiv fəaliyyətinin təmini isə biometrik eyniləşdirmə sistemlərinin məlumat mübadiləsi şəbəkəsinin yaradılmasını və təkmilləşdirilməsini, müvafiq beynəlxalq informasiya resursları ilə mübadilənin təşkilini nəzərdə tutan vahid milli informasiya məkanının formalaşdırılmasını şərtləndirir.

Azərbaycan Respublikasında insan, cəmiyyət və dövlətin maraqları arasında tarazlığın saxlanılması prinsipinə riayət edilməklə biometrik eyniləşdirmə sisteminin yaradılmasının normativ hüquqi, təşkilati, texniki, iqtisadi əsaslarını və milli təhlükəsizlik sisteminin təkmiləşdirilməsini, vahid milli informasiya məkanının formalaşdırılması istiqamətində müxtəlif informasiya resurslarının əlaqələndirilmiş işinin müasir tələblərə uyğun təşkilini, qeyri-qanuni miqrasiya və cinayətkarlıqla mübarizə sahəsində digər ölkələrin müvafiq orqanları ilə biometrik məlumat mübadiləsinin tənzimlənməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı təsdiq edilsin.

2. Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramının yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə olunsun.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üçün əlaqələndirmə işlərini təşkil etsin, proqramdan irəli gələn məsələləri həll etsin və onun maliyyələşdirilməsi üçün zəruri tədbirlər görsün;

3.2. Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyətini təhlil etsin və bu barədə hər altı aydan bir Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin.

4. Bu sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 fevral 2007-ci il