Azərbaycan Respublikasında son on ildə həyata keçirilən iqtisadi islahatlar qısa tarixi dövr ərzində ölkədə makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır. Bu gün özünün sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş Azərbaycan Respublikasında həlli vacib məsələlərdən biri regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun artırılmasına və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaqdan ibarətdir. Bu istiqamətlərdə tədbirlərin həyata keçirilməsi regionların iqtisadi inkişafında mövcud olan kəskin fərqin aradan qaldırılmasını və regional tarazlığın əldə olunmasını təmin etməklə yanaşı onların iqtisadi gücünü artırar və sosial problemlərin həllini sürətləndirər. Azərbaycan Respublikasında regionların sərvətlərindən və təbii şəraitindən səmərəli istifadə etməklə kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, qeyri-neft sənaye sahələrinin, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərin, turizmin inkişafını təmin etmək, məşğulluğun səviyyəsini yüksəltmək və əhalinin güzəranını daha da yaxşılaşdırmaq məqsədi ilə qərara alıram: 1. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" təsdiq edilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti, aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görsünlər. 3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi: - Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi və regionlara investisiyaların cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə institutları, xarici ölkələrin dövlət orqanları və iş adamları ilə müvafiq danışıqlar aparsın; - Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və onun icrasının gedişi barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin. 5. Bu Fərman imzalandığı gündən qüvvəyə minir. İlham Əliyev |