İnstitutda Big Data mühitində milli intellektual potensialın qiymətləndirilməsi ilə bağlı tədqiqatlar aparılır Avqust 07, 2023 | 03:55 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun 13 saylı şöbəsində informasiya texnologiyalarının formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində Big Data analitikası və Data Mining problemləri üzrə tədqiqatlar davam etdirilir.

Bu barədə şöbənin rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova institutun Elmi şurasının iclasında bu struktur bölmənin 2023-cü il üzrə yarımillik hesabatının müzakirəsi zamanı məlumat verib.

Hesabat dövründə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında məlumatı diqqətə çatdıran məruzəçi “Big Data mühitində milli intellektual potensialın qiymətləndirilməsi üçün metodların işlənməsi” mövzusu üzrə ölkə səviyyəsində intellektual potensialın qiymətləndirilməsinin konseptual modelinin, Big Data mühitində ölkənin intellektual resurslarının informasiya modelinin, eləcə də makrosəviyyədə intellektual potensialın analizi və elmi təşkilatların intellektual potensialının qiymətləndirilməsi üçün metodların işlənməsi istiqamətində tədqiqatların aparıldığını bildirib.

M.Hacırəhimova Big Data mühitində Azərbaycanda intellektual potensialın qiymətləndirilməsi məsələləri üzrə müvafiq sahədə mövcud vəziyyətin analiz olunduğunu və problemlərin müəyyənləşdirildiyini, hazırda elmi-tədqiqat və ali təhsil müəssisələri üzrə elmi potensialın monitorinqi üçün alqoritmin işlənildiyini söyləyib.

“Cari ilin birinci yarısında şöbədə milli intellektual potensialın qiymətləndirilməsi metodikasının işlənməsi ilə bağlı elmi-tədqiqat işi çərçivəsində intellektual potensialın qiymətləndirilməsi metodikalarının müqayisəli analizi aparılıb, ali təhsil və elmi qurumların intellektual potensialının müxtəlif meyarlar üzrə qiymətləndirilməsi metodikası işlənilir. Həmçinin, intellektual insan resurslarının miqrasiya problemlərinin araşdırılması, ölkə üzrə intellektual insan resurslarının miqrasiyasının dinamikasının tədqiqi və proqnozlaşdırılması üçün alqoritmin işlənilməsi istiqamətində tədqiqatlar davam etdirilir”, – deyə şöbə rəhbəri qeyd edib.

O, “Azərbaycan Respublikasında elmi-kadrlar analitik-informasiya sisteminin yaradılması və intellektual analizi üçün metodların işlənməsi” mövzusu üzrə bu sistemin konseptual modelinin, eləcə də onun intellektuallaşdırılması üçün Data Mining texnologiyasının tətbiqi ilə alqoritmlərin işlənməsi ilə bağlı araşdırmaların davam etdirildiyini bildirib.

M.Hacırəhimova “Sosial şəbəkə məlumatlarının sentiment analizi üçün maşın təlimi metodlarının tətbiqi”, “İntellektual insan resurslarının miqrasiya məlumatları əsasında demoqrafik göstəricilərinin analizi üçün modelin işlənməsi”, “İnternet-media resurslarının monitorinqi və qiymətləndirilməsi mexanizmlərinin işlənilməsi” və s. kimi aktual mövzularda aparılmış tədqiqatların nəticələrini də nəzərə çatdırıb.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev inkişaf etmiş ölkələrlə müqayisəli analiz aparmaqla Azərbaycanda intellektual potensialın qiymətləndirilməsi, intellektual potensialın təhlükəsizliyinin təmin olunması ilə bağlı tədqiqatların davam etdirilməsinin, müvafiq istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətindən söz açıb. Şöbədə aparılan araşdırmaların hər birinin aktual elmi problemlərə həsr olunduğunu vurğulayan alim tədqiqatların elmi-nəzəri nəticələrinin nüfuzlu elmi jurnallarda nəşr olunmasının zəruriliyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı