Tibbi sosial mediada kraudsorsinq tədqiqatdan alınan məlumatlar əsasında klinikaların fəaliyyətinin idarə olunması ilə bağlı tədqiqatlar aparılır İyul 03, 2023 | 05:00 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun 11 saylı şöbəsinin növbəti elmi seminarı keçirilib. Tədbirdə şöbənin rəhbəri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, baş elmi işçi, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova və əməkdaş Nərgiz Şıxəliyevanın həmmüəllifi olduqları “Tibbi sosial mediada kraudsorsinq tədqiqatdan alınan məlumatlar əsasında klinikaların fəaliyyətinin idarə olunması” adlı tədqiqat işi müzakirə olunub.

Seminarda baş elmi işçi, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova çıxış edərək, tədqiqat işində tibbi sosial media resurslarında toplanan informasiya əsasında klinikaların fəaliyyətinin idarə olunması üçün innovativ yanaşmanın təklif edildiyini bildirib. Qeyd edib ki, innovativ yanaşma klinikaların idarə olunması qərarlarının dəstəklənməsi üçün kraudsorsinq tədqiqata, yəni problemin həllinə geniş insan kütləsinin cəlb edilməsinə, onların tibbi sosial media resurslarındakı rəy, bilik və tövsiyələrinə istinad edir.

Daha sonra mühəndis-proqramçı Nərgiz Şıxəliyeva tədqiqatda tibbi media resurslarında toplanan rəylər əsasında klinikaların fəaliyyətinin qiymətləndirilməsi üçün yeni kriteriyalar sisteminin təyini və rəylərin təsnifləndirilməsi məsələsinə baxıldığını söyləyib. Bu məqsədlə “Kaggle” şirkətinin “cms_hospital_satisfaction_2020” bazasında toplanan rəylərin leksikon əsaslı sentiment analizinin aparıldığını, “Valence Aware Dictionary and Sentiment Reasoner” yanaşmasından istifadə etməklə rəylərin təsnifləndirildiyini nəzərə çatdırıb. O, bildirib ki, manual sentiment analiz əsasında təyin edilmiş hər bir kriteriyaya görə rəylər yenidən təsnifləndirilmiş, onların “pozitiv” və “neqativ” olmasına görə klinikaların fəaliyyəti ilə bağlı vəziyyətin identifikasiyası imkanı göstərilmişdir.

Professor Məsumə Məmmədova tədqiqatdan alınan nəticələrin klinikaların fəaliyyətinin təkmilləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması, tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması qərarlarının qəbulunda istifadə oluna biləcəyini diqqətə çatdırıb.

Daha sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, şöbənin rəhbəri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova tədqiqat işinin beynəlxalq konfransa təqdim olunmasını tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı