İnformasiya Texnologiyaları İnstitutunda magistrlik dissertasiyalarının müdafiəsi keçirildi İyun 19, 2023 | 10:26 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunda magistrantların magistrlik dissertasiyalarının müdafiəsi üçün təşkil olunmuş İxtisaslaşdırılmış Magistr Müdafiə Şurasının iclası keçirildi.

Öncə institutun Təhsil şöbəsinin müdiri, İxtisaslaşdırılmış Elmi Şuranın elmi katibi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov çıxış edərək gündəlikdə duran məsələləri diqqətə çatdırdı, iclasın 060632 – “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə 2022-2023-cü tədris ilində elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrini uğurla başa vurmuş II kurs magistrantlarının magistrlik dissertasiyalarının müdafiəsinə həsr olunduğunu qeyd etdi. F.Yusifov magistrantlar tərəfindən müdafiə şurasına təqdim olunmuş sənədlər haqqında məlumat verdi.

Sonra institutun magistrantı Ayxan Məmmədov “Kiber-fiziki sistemlərin kiberdayanıqlığını qiymətləndirmək üçün metodların işlənməsi” mövzusunda magistr dissertasiya işini təqdim etdi. İşin aktuallığı, məqsədi, qarşıya qoyulmuş məsələlər, elmi yeniliyi və praktiki əhəmiyyəti barədə ətraflı məlumat verdi. O, qeyd etdi ki, kiber-fiziki sistemlər (KFS) özündə fiziki və kiber komponentləri birləşdirir. Bu sistemlərin mürəkkəbliyi və qarşılıqlı əlaqəsinin artması ilə onların işində anomaliyaların və səhvlərin yaranması ehtimalı yüksəlir. Effektiv strategiyaların hazırlaması kibercinayətkarlar tərəfindən istifadə edilən taktikanın və metodların daim öyrənilməsini tələb edir.

Magistrant dissertasiya işində əldə olunmuş əsas elmi nəticələri təqdim etdi, tədqiqat işi çərçivəsində KFS-lərin müasir vəziyyətinə dair tədqiqatların və bu sistemlərin qurğularının diaqnostikasının aparılması üçün mövcud metod və alqoritmlərin analiz edildiyini bildirdi.

Digər magistrant Nuranə Mütdəlifova  “İnnovasiya müəssisələrində məhsul istehsalı planlarının modelləşdirilməsi” mövzusunda magistr dissertasiya işinə dair çıxış etdi. İddiaçı tədqiqatın məqsədinin rəqəmsal iqtisadiyyat şəraitində innovasiya müəssisələrində məhsul istehsalı planlarının kompüter modelləşdirilməsi prosesini həyata keçirmək və məhsul istehsalı ssenarilərinin hazırlanmasından ibarət olduğunu söylədi.

Tədqiqatçı dissertasiya işindən alınmış əsas nəticələrdən bəhs edərək innovasiya müəssisələrinin inkişaf mərhələlərinin müəyyənləşdirildiyini və onların fəaliyyəti üzrə beynəlxalq təcrübənin araşdırıldığını bildirdi. Həmçinin qeyd etdi ki, tədqiqat çərçivəsində innovasiya müəssisələrində məhsul istehsalı fəaliyyəti üzrə mövcud problemlər aşkarlanmış və istehsal buraxılışı üzrə indikator və indekslər işlənilmiş, aparılan eksperimentlərə əsasən innovativ məhsul istehsalının planlaşdırılması qiymətləndirilmişdir.

Daha sonra institutun magistrantı Ülkər Haqverdiyeva “E-kommersiya sistemlərinin təkmilləşdirilməsi metodları” adlı dissertasiya işini təqdim etdi.

İddiaçının sözlərinə görə, tədqiqatın məqsədi rəqəmsal iqtisadiyyat şəraitində IV Sənaye İnqilabı komponentlərinin, habelə ən yeni İKT texnologiyaları və sistemlərinin tətbiqi əsasında e-kommersiya sistemlərinin fəaliyyətinin daha səmərəli təşkili və idarə olunması, ümumi prosesin təkmilləşdirilməsi üçün müvafiq model, metod, mexanizmlərin tətbiqi üzrə tövsiyələrin işlənilməsindən ibarətdir. Dissertasiya işində qoyulmuş məqsədə çatmaq üçün müqayisəli təhlil, sistemli analiz, çox kriteriyalı ekspert qiymətləndirmələri metodlarından istifadə edilmişdir.

Məruzəçi tədqiqatın nəticələrindən bəhs edərək bildirib ki, Sənaye 4.0-ın müasir komponentləri olan süni intellekt, Əşyaların İnterneti və bulud texnologiyalarının tətbiqi ilə e-kommesiya sistemlərinin təkmilləşdirilməsinə, fəaliyyət səmərəliliyinin yüksəldilməsinə və intellektuallaşdırılmasına nail olmaq olar. Ölkədə e-kommersiya sistemlərinin perspektiv inkişaf istiqamətləri tədqiq olunmuş, nəticədə beynəlxalq təcrübə nəzərə alınmaqla “Vahid Pəncərə” prinsipinə əsaslanan vahid, mərkəzləşdirilmiş e-kommersiya modeli təklif edilmişdir.

İnstitutun magistrantı Kəmalə Salayeva çıxış edərək, “Elektron dövlət mühitində emosional faktorlardan istifadə etməklə vətəndaşın davranışının qiymətləndirilməsi” mövzusunda dissertasiya işini təqdim etdi. O, tədqiqat işinin məqsədinin e-dövlət mühitində vətəndaşlar tərəfindən müraciətlərdə və şərhlərdə toplanan emosional faktorlardan istifadə etməklə vətəndaşın davranışının qiymətləndirilməsi olduğunu diqqətə çatdırdı.

K.Salayeva dissertasiya işi çərçivəsində e-dövlətin mahiyyəti və formalaşmasında vətəndaşın rolunun analiz olunduğunu, e-dövlət mühitində insan davranışının təhlili üzrə beynəlxalq təcrübə və yanaşmaların araşdırıldığını, e-dövlətin formalaşması və inkişafında mövcud problemlərin müəyyənləşdirildiyini söylədi. Bildirdi ki, e-dövlət mühitində insan davranışının analizi məsələlərində sentiment analiz metodlarından istifadənin perspektivləri müəyyənləşdirilmiş, e-dövlət mühitində şərh və müraciətlərin tonallığının analizinin ümumi struktur sxemi işlənmiş, şərh və müraciətlər əsasında vətəndaşların maraq dairəsinin müəyyən olunması üçün metod təklif olunmuş, elektron sənədlərdə mətnin semantik tonallığı əsasında vətəndaşın davranışının qiymətləndirilməsi üçün metod işlənmişdir.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək magistrantların təqdim etdikləri hər bir mövzunun müasir dövrdə aktuallıq kəsb etdiyini, magistrlik dissertasiyalarının tələblərinə cavab verdiyini və tədqiqat zamanı qarşıya qoyulmuş məsələlərin həll olunduğunu bildirdi. Alim gənc tədqiqatçıları Azərbaycan elminin inkişafı və institutun elmi potensialının daha da gücləndirilməsi istiqamətində öz səylərini birləşdirməyi tövsiyə etdi. Akademik İnformasiya Texnologiyaları İnstitutunun dünya elminin tələblərinə cavab verən yüksəkixtisaslı kadrların yetişdirilməsi, gənc tədqiqatçılara elm yolunda dəstək göstərilməsi işində yaxından iştirak etdiyini diqqətə çatdırdı.

Daha sonra iddiaçılar şura üzvlərinin çoxsaylı suallarını cavablandırdılar, dissertasiya işləri üzrə təyin edilmiş elmi rəhbərlərin rəyləri səsləndirildi.

Çıxışlar ətrafında müzakirələr aparıldıqdan sonra açıq səsvermə keçirildi, müəyyən olunmuş meyarlara əsasən müdafiə olunan dissertasiya işləri qiymətləndirildi. Magistrlik dissertasiyalarının Müdafiəsi Şurası qiymətləndirmənin nəticələri əsasında 4 magistrantın hər birinə magistr elmi dərəcəsinin verilməsi haqqında qərar qəbul etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı