“İntellektual analiz metodlarının tətbiqi ilə təhsildə adaptiv elektron dərsliklərin seçilməsi” mövzusunda magistr dissertasiyası müzakirə olunub May 23, 2023 | 02:49 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin növbəti elmi seminarında institutun magistrantı Nuranə Bahadurzadə “İntellektual analiz metodlarının tətbiqi ilə təhsildə adaptiv elektron dərsliklərin seçilməsi” mövzusunda magistr dissertasiya işini təqdim edib.

Öncə məsələnin aktuallığı barədə məlumat verən tədqiqatçı bildirib ki, elektron təhsil texnologiya və təhsilin birləşməsinin bilavasitə nəticəsidir. Bu nəticə müasir təlimin xüsusiyyətlərindən biri olan innovativ tədqiqat mexanizmlərinin yaradılmasına imkan verir.

Məruzəçi qeyd edib ki, tədqiqat işinin məqsədi Data Mining metodlarının tətbiqi əsasında tələbələr üçün fərdi təhsil trayektoriyasının yaradılması ilə təhsildə adaptiv elektron dərsliklərin seçilməsidir: “Tədqiqat işində qarşıya qoyulmuş məsələlərə isə e-təhsil ilə bağlı ədəbiyyatın təhlili, e-təhsilin inkişafına təsir edən kritik amillərin müəyyənləşdirilməsi, kritik e-öyrənmə amillərini və demoqrafik dəyişənləri birləşdirən konseptual çərçivənin hazırlanması, eləcə də təhsil sektorunda e-təhsilin uğurlu tətbiqi üçün konseptual bazaya yenidən baxılması və dəyişdirilməsi aiddir”.

Elektron təhsil mühitinin analizi, araşdırılması və tədqiqindən bəhs edən N.Bahadurzadə söyləyib ki, e-təhsil mühiti e-tədris, veb əsaslı tədris və onlayn öyrənmədən ibarətdir. Bildirib ki, e-təhsil kompüter və şəbəkələri əhatə edən öyrənmə fəaliyyətlərinə aiddir. Veb-əsaslı öyrənmə isə paketlənmiş tədris materiallarının CD-ROM-larda və ya digər mediada brauzerə göndərilməsini nəzərdə tutan konsepsiyadır. Veb-əsaslı təhsil veb brauzer məzmununa və faktiki təlim materiallarının veb formatında təqdim edilməsinə əsaslanır. Onlayn öyrənmə isə kompüter vasitəsilə məzmuna daxil olmaqla bağlı anlayışdır. Məzmun, həmçinin İnternetdən yüklənmiş yaxud sadəcə kompüterdən və CD-ROM-dan yüklənmiş proqram ola bilər.

Tədqiqatçı elektron təhsil mühitində intellektual analiz metodlarının tətbiqindən söz açaraq təhsildə Data Mining texnologiyaları (EDM - Education Data Mining) tətbiqinin 4 əsas sahəsinin olduğunu bildirib. Bunlara tələbə modellərinin təkmilləşdirilməsi, domen modellərinin təkmilləşdirilməsi, öyrənmə və öyrənənlər üzrə elmi tədqiqatların aparılması, eləcə də öyrənmə proqram təminatının təmin etdiyi pedaqoji dəstəyin öyrənilməsi daxildir.

Onun sözlərinə görə, bu sahədə 5 – proqnozlaşdırma, klasterləşdirmə, əlaqənin öyrənilməsi, insan mühakiməsi üçün məlumatların distillə edilməsi, modellərlə kəşf kimi yanaşmalar var.

N.Bahadurzadə tədqiqatın nəticələrindən bəhs edərək qeyd edib ki, konseptual çərçivənin əsas elementlərinin faydalarını artırmaq və onlar arasında qarşılıqlı əlaqəni stimullaşdırmaq üçün 3 ölçüdən - bacarıqlar, texnologiya və nəzarətdən istifadə olunur. Ümumilikdə məktəb təhsilində elektron tədris tətbiq edilərkən fundamental daxili, xarici və idarəedici elementlərin nəzərə alınması məqsədəuyğundur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı