İnstitutun şöbə müdiri Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş beynəlxalq konfranslarda məruzə ilə çıxış edib May 05, 2023 | 10:37 / Konfranslar, iclaslar

Son günlərdə Azərbaycan Respublikasının Auditorlar Palatası və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Rəqabət – dayanıqlı inkişafın mühüm amili kimi” mövzusunda, eləcə də Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Ağsaqqallar Şurası və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Müasir Türk Dünyası” mövzusunda beynəlxalq elmi-praktik konfranslar keçirilib. İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev hər iki konfransda məruzə ilə çıxış edib.  

Azərbaycan Respublikasının Auditorlar Palatası və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Rəqabət dayanıqlı inkişafın mühüm amili kimi” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfransda ölkənin dövlət qurumlarının, aparıcı elm-təhsil müəssisələrinin, o cümlədən Türkiyə, Rusiya, Belarus, Qazaxıstan və Özbəkistanın peşəkar audit və mühasibatlıq qurumlarından olan 100-ə yaxın nümayəndə iştirak edib.

Beynəlxalq elmi-praktik konfransda rəqabətədavamlı milli iqtisadiyyatın yaradılması, rəqabətlilik mühitinin təminində korrupsiyaya qarşı mübarizənin əhəmiyyəti, rəqəmsal iqtisadiyyatda rəqabət siyasətinə rəqəmsal baxış, vergi sistemi – inkişafın əsas amili kimi, peşəkar xidmətlər sahəsində rəqabətlilik, Azərbaycanda auditor xidməti bazarında rəqabət, istehlak bazarında rəqabət üstünlüyünün təmin edilməsi, müəssisələrin dayanıqlılığının rəqəmsal transformasiya texnologiyaları vasitəsilə yüksəldilməsi, ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin yüksəldilməsi istiqamətləri, haqsız rəqabətlə mübarizə iqtisadi inkişaf amili kimi, Azərbaycanda maliyyə inklüzivliyi və iqtisadi artım məsələlərinə dair məruzələr dinlənilib, təcrübə mübadiləsi və geniş müzakirələr aparılıb.

Konfransda İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev əvvəlcə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyevin rəhbərliyi ilə institutda hazırkı dövr üçün aktual hesab olunan rəqəmsal iqtisadiyyat, rəqəmsal transformasiya texnologiyalarının iqtisadiyyatın dayanıqlılığının yüksəldilməsində tətbiqi problemlərinin tədqiqi və onun həlli metodlarının işlənilməsi istiqamətində aparılan elmi-tədqiqat işləri haqqında məlumat verib.

İ.e.d. Əlövsət Əliyev sonra “Müəssisələrin rəqabətqabiliyyətliliyinin və dayanıqlılığının rəqəmsal transformasiya texnologiyaları vasitəsilə yüksəldilməsi  məsələləri” mövzusunda məruzə ilə çıxış edib.  

Alim rəqəmsallaşmanın iqtisadiyyatın dayanıqlıq və modernizasiya faktoru olduğunu qeyd edib. O, rəqəmsal innovativ texnologiyaların tətbiqi hesabına qabaqcıl dünya ölkələrinin rəqabətqabiliyyətli və dayanıqlı məhsul istehsalının zəruri və aktual məsələlərdən olduğunu əsaslandırıb, rəqəmsal innovasiyaların transferi şəraitində müəssisələrin dayanıqlı fəaliyyəti və rəqabətqabiliyyətliliyinin yüksəldilməsi istiqamətləri haqqında məlumat verib.

Məruzəçi sənayedə süni intellekt, rəqəmsal əkizlər, sənaye robotları, simsiz texnologiyalar, blokçeyn  texnologiyaları, Big Data, virtual və əlavə reallıq, smart zavodlar, Əşyaların Sənaye İnterneti və s. kimi rəqəmsal texnologiyaların inkişaf meyllərinin rəqabətliliyə və dayanıqlığa müsbət təsirləri barədə danışıb, Sənaye 4.0 platforması elementlərinin, beynəlxalq təşkilatların müəssisələrin gələcək inkişaf konsepsiyasında onlara qoyulan texnoloji tələblər, prioritetlər nəzərə alınmaqla müvafiq təklif və tövsiyələrini qeyd edib.

Ə.Əliyev həmçinin Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Ağsaqqallar Şurası və Azərbaycan İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Müasir Türk Dünyası” mövzusunda beynəlxalq elmi-praktik konfransda da çıxış etmişdir.

Tədbirdə Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Pakistan və Gürcüstandan olan görkəmli alimlərin, ictimai-siyasi xadimlərin, eləcə də Türk Dövlətləri Təşkilatının (TDT) nümayəndələrinin, qurumun Ağsaqqallar Şurasının üzvlərinin, o cümlədən respublikanın tanınmış alim və ziyalıları iştirak ediblər.

Konfransda Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli ömür yolunu və Türk dünyasının müasir əlaqələrini özündə əks etdirən videoçarx nümayiş olunub.

Çıxışlarda görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın və Türk dünyasının çoxəsrlik dövlətçilik tarixinin nadir simalarından biri olduğu, Ulu Öndərin yaşadığı dövrün real mahiyyətini dərindən görərək özünün aydın siyasi mövqeyi, möhkəm iradəsi və uzaqgörənliyi ilə zamanı irəli aparmaq qüdrətinə malik olduğu vurğulanıb.

Konfransda Azərbaycanın Türk dünyası ilə əlaqələrinin qurulmasında, münasibətlərin dərinləşməsində, habelə ölkədəki tolerantlıq mühiti və azərbaycançılıq ideologiyasının inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri xüsusi qeyd edilib. Plenar iclasdan sonra konfrans işini bölmələr üzrə davam etdirib.

Konfransda, həmçinin i.e.d. “Azərbaycanın Heydər Əliyev iqtisadi modelinin Sənaye 4.0 patformasında inkişaf perspektivləri” mövzusunda məruzəsini təqdim edən i.e.d. Əlövsət Əliyev Azərbaycan iqtisadiyyatının ötən əsrin 60-cı illərinin sonlarından başlayan 50 illik inkişaf mərhələləri, həmçinin dövlət siyasətinin əsasını təşkil edən Heydər Əliyev iqtisadi modelinin spesifik xüsusiyyətləri və onun Sənaye 4.0 platformasında inkişaf perspektivlərindən söz açıb.

Alim Heydər Əliyev iqtisadi modelinin özəllikləri, formalaşma mərhələləri, onun ölkə Prezidenti tərəfindən inkişaf etdirilməsi prioritetləri və  respublikanın rəqəmsal innovativ texnoloji inkişaf mərhələsinə keçidin perspektiv inkişaf istiqamətlərini nəzərə çatdırıb.

Məruzəçi Heydər Əliyev iqtisadi modelində ənənəvi sahələrin və yeni sektorların inkişaf etdirilməsi xüsusiyyətlərindən bəhs edib, iqtisadi modeldə texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşmasında İKT-nin tətbiqi problemləri, perspektiv vəzifələri haqqında konfrans iştirakçılarına məlumat verib. O, Heydər Əliyev iqtisadi modelində İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşdırılmasının, onun  inkişaf xüsusiyyətlərinin və problemlərinin analiz olunduğunu vurğulayıb.

İ.e.d. Ə.Əliyev Big Data, Bulud, Əşyaların İnterneti, kosmik, süni intellekt və s. kimi müasir texnologiyaların yaratdığı iqtisadi sektorların xüsusiyyətlərinin tədqiq olunduğunu, Azərbaycanın iqtisadi inkişafının dayanıqlılığının rəqəmsal transformasiya texnologiyaları vasitəsi ilə yüksəldilməsi üçün  Sənaye 4.0 platforması elementlərinin texnoloji tələblərinin, prioritetlərinin nəzərə alındığı söyləyib, bu sahə üzrə müvafiq təklif və tövsiyələrini  bölüşüb. Eyni zamanda Heydər Əliyev iqtisadi irsinin daha dərindən öyrənilməsi və müvafiq elmi tədqiqatların aparılmasının zəruri olduğunu vurğulayıb.

Hər iki elmi konfransda iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb, habelə təqdim edilən materialların toplu şəklində nəşr etdirilməsi və tövsiyələrin hazırlanması qərara alınıb. Tədbirdə təmsil olunan qurumlarla İnformasiya Texnhologiyaları İnstitutu arasında əməkdaşlıq əlaqələrinin təşkili və inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı