IV sənaye inqilabı platformasında informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi problemləri araşdırılır Aprel 07, 2023 | 03:04 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclasında Tədris-İnnovasiya Mərkəzinin (TİM) 2023-cü il üzrə fəaliyyət planı ətrafında müzakirələr aparılıb.

Fəaliyyət planını təqdim edən Mərkəzin rəhbəri, texnika elmləri üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova öncə cari ildə elmi-tədqiqat fəaliyyəti çərçivəsində görüləcək işlərdən bəhs edib.

O, müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri üzrə “IV sənaye inqilabı platformasında informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi problemləri” mövzusunda tədqiqat işlərinin aparılacağını qeyd edib.

R.Mahmudova, 2023-cü il ərzində rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemləri çərçivəsində “Jest informatikası: istiqamətləri, hədəfləri, texnologiyaları”, eləcə də “İKT-nin tətbiqi ilə Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsi metodologiyasının təkmilləşdirilməsi” mövzularında da araşdırmaların aparılacağını bildirib.

TİM-in rəhbəri, eyni istiqamətdə rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə “İntellektual oyun texnologiyalarının İnformatika fənninin tədrisinə inteqrasiyasının analizi” mövzusunda mərkəzdə yerinə yetirilən dissertasiya işinin tamamlandığını və institutun elmi şurasının iclasında müzakirəyə tədqim olunacağını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Daha sonra məruzəçi cari il ərzində respublika və digər ölkələrin Ali Attestasiya Komissiyasının siyahısına daxil olan, eləcə də nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda məqalələrin nəşri ilə bağlı nəzərdə tutulan planı açıqlayıb.

Eyni zamanda elmi-pedaqoji fəaliyyət və kadr hazırlığı üzrə planlaşdırılan işlər haqqında məlumat verən R.Mahmudova, institutun magistraturasında təhsil alan tələbələrin dərs və imtahanlarının təşkili, müraciətlər əsasında informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə kursların təşkil edilməsi, respublikanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, institutda tələbələrin elmi-tədqiqat və istehsalat təcrübəsinin təşkili, o cümlədən Bakı Biznes Universitetinin “İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələrinə TİM-də “C# proqramlaşdırma dili” və “Kompüter qrafikası” fənnlərinin tədrisi və onların biliklərinin sertifikatlaşdırılması istiqamətində 2023-cü il ərzində görüləcək işləri nəzərə çatdırıb.

Mərkəzin əməkdaşlarının elmi-innovasiya, elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda, seminarlarda və digər elmi tədbirlərdə iştirakı, elmin populyarlaşdırılması və təbliği sahəsində onların qarşısında qoyulmuş vəzifələr də iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək Mərkəzin illik fəaliyyəti ilə bağlı təklif və tövsiyələrini səsləndirib, əməkdaşların elmi fəaliyyətinin daha da gücləndirilməsinə dair tapşırıqlar verib. Akademik R.Əliquliyev IV Sənaye İnqilabının çağırışları kontekstində informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi məsələsinin böyük aktuallıq kəsb etdiyini və bu istiqamətdə aparılan araşdırmaların daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb. Alim həmçinin kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması, onun qiymətləndirilməsi və idarə olunması, jest informatikasının hədəfləri və texnologiyaları ilə bağlı kompleks tədqiqatların aparılmasının zəruriliyini diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı